Sədaqət Vəliyeva: ”Azərbaycan sülhsevər ölkə kimi təhlükəsizliyə töfhə verir” MÜNASİBƏT
"Avrasiya geosiyasi məkanında baş verən hadisələrin fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin ən etibarlı mənbəyi, həmçinin, regional səviyyədə barışdırıcı siyasətilə tutduğu mövqe ölkəmizin həm strateji aktor kimi əhəmiyyətini, həm də balanslaşdırılmış xarici siyasətin üstünlüklərini sübut etmiş olur". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, hazırkı məqamda Avropa ölkələri enerji resursları ilə təminat baxımdan bir mənbədən asılı olmaq istəmir: "Heç kəsə sirr deyil ki, Avropa ölkələrinin qazla təminatı daha çox Rusiyanın və Şimali Afrika dövlətlərinin hesabına həyata keçirilir. Lakin zaman-zaman Avropa dövlətlərinin qazla sınağa çəkilməsi, "siyasi şantaj"la qarşılaşması onları məcbur edir ki, enerji siyasətində şaxələndirməyə üstünlük versinlər. Məhz, Avropa ölkələri də yaxşı başa düşürlər ki, Azərbaycan etibarlı enerji təchizatçısı olmaqla yanaşı, neft-qaz amilindən "siyasi alət" kimi istifadə etmir. Elə bu səbəbdən də, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələri dəstəklənir və təqdir edilir".
Deputat Bakıda keçirilmiş "Cənub" qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında ABŞ-ın, Avropa Komissiyasının, Avropa İttifaqının, Türkiyənin, Böyük Britaniyanın, Gürcüstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın, Bolqarıstanın, Monteneqronun, Xorvatiyanın, həmçinin, BP-nin, Trans-Anadolu və Trans-Adriatik qaz kəməri layihələrinin, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Avropa İnvestisiya Bankı Qrupunun, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrinin iştirakına toxunaraq əlavə edib ki, məhz bu faktor Azərbaycana verilən dəyərin və hörmətin göstəricisidir.
Sədaqət Vəliyeva xüsusi olaraq diqqətə çatdırıb ki, Azərbaycan enerji layihələrilə Xəzər-Qara-Aralıq dənizi hövzələrini birləşdirir: "Bu enerji dəhlizinə yaxın gələcəkdə Baltik hövzəsi də qoşulacaqdır. Eyni zamanda, Azərbaycan perspektivdə etibarlı tranzit ölkə kimi ərəb ölkələrinin, İranın, Türkmənistanın, Qazaxıstanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına töfhəsini verə bilər".
Azərbaycan öz təşəbbüsü ilə reallaşdırdığı layihələrdə iştirak edən ölkələrin də inkişafına töfhəsini verir: "Türkiyədə həyata keçirilən layihələr qardaş ölkənin iqtisadiyyatına milyonlarla gəlir gətirir. Bu sözləri eyni zamanda Gürcüstan haqqında da demək mümkündür. Hətta, reallaşdırılan "Cənub" qaz dəhlizi layihəsi çərçivəsində Gürcüstanda, Türkiyədə, Yunanıstanda, İtaliyada xeyli iş yerləri açılır. Eyni zamanda, adı çəkilən ölkələr tranzitdən böyük miqdarda gəlir əldə edəcəklər. Bununla yanaşı, enerji layihəsinin birləşdirdiyi Cənubi və Cənub-Şərqi Avropa, həmçinin, Cənubi Qafqaz, Mərkəzi və Orta Asiya ölkələrinin əməkdaşlıq əlaqələrini gücləndirir, onların perspektiv əməkdaşlığı üçün yeni tərəfdaşlıq formatını müəyyənləşdirir. Bir sözlə, Azərbaycan sülhsevər ölkə kimi daim inkişafa və təhlükəsizliyə böyük töfhəsini verməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə