Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi tərəfindən BMT-nin Əddis-Əbəbədəki mənzil qərargahında (UNECA – BMT-nin Afrika üzrə İqtisadi Komissiyası) Xocalı Soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Qeyd edilməlidir ki, anım mərasimi 25 may 1963-cü il tarixində Afrika Birliyi Təşkilatının (Afrika İttifaqı) elan olunduğu tarixi "Afrika Zalında" təşkil olunub.
Tədbirdə Efiopiyanın dövlət qurumlarının və Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Afrika İttifaqının rəsmiləri, Azərbaycanın ali məktəblərini bitirmiş efiopiyalı məzunlar və mətbuat nümayəndələri iştirak etmişlər. Anım mərasiminin əvvəlində Xocalı Soyqırımının qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən səfir E.Abdullayev Xocalı Soyqırımının Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırım törətdiklərini vurğulayıb. Səfir Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı günahsız 613 azərbaycanlının vəhşicəsinə və amansızcasına qətlə yetirildiyini və onlardan 106 nəfərin qadın, 63 azyaşlı uşaq, 70 qocanın olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərdən birini itirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. E.Abdullayev Ermənistanın prezidenti S.Sarkisyanın azərbaycanlılara qarşı törədilən bu soyqırımla bağlı verdiyi müsahibədə günahsız insanların ermənilər tərəfindən qətl edildiklərini açıq şəkildə etiraf etdiyini vurğulayıb. Beynəlxalq və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın aparıcı mətbuat orqanları tərəfindən Xocalıda törədilən qətliamın bəşəriyyətə qarşı cinayət və vəhşilik kimi dəyərləndirildiyi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Çıxış zamanı səfir E.Abdullayev dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında həyata keçirilən "Xocalıya Ədalət!" beynəlxalq kampaniyasının Xocalıda törədilmiş bu cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.
Daha sonra tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xocalı Soyqırımına həsr olunmuş film tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə iştirak edən Əddis-Əbəbə Universitetinin professoru, hüquqşünas Dr. Abera Deqfa Xocalı Soyqırımının hüquqi əsaslandırılması ilə bağlı geniş təqdimatla çıxış edib. Xocalı Soyqırımının hüquqi aspektlərini təhlil edən və beynəlxalq təşkilatların araşdırmalarına, habelə müvafiq konvensiyalara istinad edən professor Deqfa Xocalı Soyqırımı qurbanlarının məhz azərbaycanlı olduqlarına görə hədəfə alındıqlarını iştirakçıların diqqətinə çatdırıb. O, Xocalıda törədilən cinayətin hüquqi baxımdan beynəlxalq ictimaiyyət tərəfindən soyqırım kimi tanınmasının zəruri olduğunu qeyd edərək, bu cinayətə susmağın ən böyük ədalətsizlik olduğunu vurğulayıb.
Daha sonra Azərbaycanda təhsil almış Efiopiyalı məzun Dr.Seyfu Tirfi Xocalı Soyqırımının törədildiyi zaman ölkəmizdə olduğunu və xalqımızın yaşadığı bu acını və şahidi olduğu ağır mənzərəni bu günədək unuda bilmədiyini qeyd edib. O, bu qanlı cinayətləri törədənlərin yaxın zamanda cəzalandırılacağına ürəkdən inandığını bildirib.
Çıxış edən digər Azərbaycan məzunu olan Dr. Tassisa Kaba öz doğma torpaqlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin əksəriyyətinin əliyalın və ağır durumda olduqlarını ürək ağrısı ilə xatırlayaraq, ermənilərin Xocalıda törətdikləri vəhşiklərin cavabsız qalmayacağını və ədalətin bərqərar olacağına əmin olduğunu vurğulayıb.
Anım mərasiminın sonunda tədbir iştirakçıları üzərində "Xocalıya Ədalət!" yazılmış köynəkləri geyinərək, BMT-nin Afrikadakı mənzil qərargahının önündə kollektiv foto şəkil çəkdirmişlər. İştirakçılar "Afrika Zalı"nın girişində tərtib edilmiş və Xocalı Soyqırımı zamanı ermənilər tərəfindən törədilmiş cinayətləri əks etdirən foto-stend ilə tanış olublar.
Tədbir Efiopiyanın aparıcı mətbuat orqanları tərəfindən işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB