Bahar Muradova: "Prezidentin tapşırığının arxasında geniş fəaliyyət sahəsi dayanır" AÇIQLAMA

Bahar Muradova: "Prezidentin tapşırığının arxasında geniş fəaliyyət sahəsi dayanır" AÇIQLAMA

"Prezident İlham Əliyevin sədrliyi ilə 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının gedişinə həsr olunmuş müşavirədə cənab prezidentin məmurlara tapşırığından sonra inanırıq ki, məmurlar bütün tapşırıqlara ciddi şəkildə əməl edəcəklər. Onlar öz üzərlərinə düşən işin öhdəsindən maksimum gəlməyə çalışsalar bu, cəmiyyətimiz üçün də, xalqımız üçün əhəmiyyətli olar". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, ölkə başçısının, o cümlədən cəmiyyətin məmurlardan gözləntiləri böyükdür: "Əgər bu gözləntilər özünü doğrultmasa təbii ki, cənab prezidentin də dediyi kimi müvafiq addımlar atılacaq. Bu qərar verilən tapşırıqları yerinə yetirə bilməyən məmurların öz karyeralarını itirmələri ilə nəticələnə bilər. Ona görə də bütün tapşırıqlar diqqətdə saxlanılmalı, buna mane olan səbəblərin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir. Prezident xüsusi olaraq vurğuladı ki, bütün məmurlar xalqın xidmətində dayanan insanlardır və əhalinin bu və ya digər problemlərinin həll olunmasında birbaşa məsul şəxslərdir. Dünyada gedən qlobal iqtisadi böhrandan daha az zərərlə çıxmaqdan ötrü ölkə iqtisadiyyatının canlandırılması, sahibkarlığın inkişafı yönündə bizim konkret vəzifələrimiz var və bu vəzifələr yerinə yetirilməlidir. Yəni Prezidentin tapşırığının arxasında çox geniş fəaliyyət sahəsi dayanır ki, bu fəaliyyətimizin müsbət nəticələnməsi üçün bütün maneələrin aradan qaldırılmasından söhbət gedir. Hesab edirəm ki, parlament də, cəmiyyət üzvləri də, qeyri-hökümət təşkilatının nümayəndələri də Prezident İlham Əliyevin tələb etdiyi kimi ictimai nəzarəti həyata keçirməlidir. Vətəndaşlar qanunun verdiyi imkanlardan bəhrələnərək cəmiyyətin və dövlətin həyatına daha tez inteqrasiya edərək, ondan yararlanmalıdrlar. Xüsusilə indiki dönəmdə bu hər bir cəmiyyətin qarşısında duran vəzifədir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə