Elmar Məmmədov: “20 Yanvar şəhidləri müstəqilliyimizin təməlini qoydular” MÜNASİBƏT

Elmar Məmmədov: “20 Yanvar şəhidləri müstəqilliyimizin təməlini qoydular” MÜNASİBƏT

"20 Yanvar hadisəsi xalqımızın şərəf, ləyaqət və eyni zamanda faciə tarixidir". SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) koordinatoru Elmar Məmmədov 20 Yanvar hadisələrinə münasibət bildirərkən deyib.

O, bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hökumətinin 1920-ci ildən 1990-cı ilə qədər apardığı anti-azərbaycan, anti-milli siyasətinin sonuncu akkordu idi: "Sovet hökuməti qurulduqdan sonra Azərbaycanın dilinə, dininə, əxlaqına, mədəniyyətinə zidd olan yeni sosial-siyasi proseslər başladı. Keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. 1990-cı ilin 20 yanvar tarixində SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutdu. Kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Hesab edirəm ki, əgər vətənpərvər, xalqın maraqlarını qoruyan insanlar hakimiyyətdə olsaydı 20 Yanvar faciəsinin qarşısı alınardı. Təbii ki, Ümummilli Liderimiz Heydər Əliyev respublikanın rəhbəri olsaydı, bu faciə də baş verməzdi. Amma Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham etdi. Azərbaycan rəhbərliyinə ikinci dəfə qayıdışdan sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı törədilən faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlıq yolunu açaraq müstəqilliyimizin təməlini qoydular. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Bugünlərdə Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə verilən Prezident təqaüdünün artırılması ilə bağlı qərar verdi. Bu qərarlar bütün cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki şəhidlərin xatirəsinin daim uca tutulması cəmiyyətimizdə vətənpərvərlik ruhunun daim yüksəlməsi üçün mühüm rol oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə