Sevinc Fətəliyeva: “20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir” MÜNASİBƏT

Sevinc Fətəliyeva: “20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir” MÜNASİBƏT

"1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva 20 Yanvar hadisələrinə münasibət bildirərkən deyib.

Sevinc Fətəliyeva bildirib ki, 1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilib: "Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar özümüzü millət kimi tanıyıb dərk etdiyimiz gündür. Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi".

"Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir". Beləliklə 20 Yanvar faciəsi məhz Ümummilli Lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından illər keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəkarlarına dərin nifrətini bildirir.

20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada 20 Yanvar Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq salnaməsi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan vətən övladları canlarındankeçərək şəhidlik zirvəsinə ucaldılar. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə