YAP Səbail rayon təşkilatında şəhidlərin xatirəsi anılıb FOTOLAR

YAP Səbail rayon təşkilatında şəhidlərin xatirəsi anılıb FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd olunub. SİA-nın məlumatına görə, YAP Səbail rayon təşkilatında baş tutan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.


Tədbirdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 20 Yanvar faciəsini əks etdirən qısametrajlı filmə baxış keçirilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olmuş ən qanlı faciələrdəndir. Şəmsəddin Hacıyev 26 il əvvəl rus imperiyasının Bakıda törətdiyi qanlı cinayətləri yada salaraq, qanlı 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirib.

Ş.Hacıyev qeyd edib ki, bu faciəyə ilk hüquqi qiyməti məhz Ulu Öndər Heydər Əliyev verib: "Hər kəsə məlumdur ki, bu hadisələrin əsas təşkilatçısı və günahkarı SSRİ-nin o zamankı rəhbəri M.Qarbaçov olub. 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakı şəhərində 24:00-da komendant saatının elan olunması barədə sənəd M.Qarbaçov tərəfindən qabaqcadan imzalansa da əhaliyə bu məlumat bildirilməmişdi və gecə artıq şəhərdə qırğınlar başlanılmışdı. Dövlət televiziya və radiosunun yayım blokunun partladılması da təsadüfü deyildi. Bununla onlar Azərbaycanın səsini boğmağa çalışırdılar. Xalqın silahsız nümayəndələrinə qarşı qadağan olunmuş silahlardan istifadə olundu, dinc əhaliyə qarşı qəddarcasına rəftar edildi. Məqsəd xalqın milli ruhunu sındırmağa və daha sonrakı məqamda ermənilərin ərazi iddialarını təmin edəcək milli münaqişələri qızışdırmağa, dövlətin idarəçiliyində xaos yaradılmasına yönəlmişdi. 20 yanvar hadisələri SSRİ-nin dağılmasını sürətləndirən əsas hadisələrdən biri oldu. Bu akt dövlətin öz xalqına qarşı həyata keçirdiyi terror aktı idi və buna görə öz xalqı qarşısında nüfuz və etibarını itirdi. 20 yanvar hadisələrinə Azərbaycan SSRİ Ali Sovetinin sədri Elmira Qafarova öz etirazını bildirmişdi. Lakin hadisələrə tam dolğun siyasi qiymətin verilməsi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verdi və 1994-cü ildə istintaq qrupu yaradılaraq günahkarlar müəyyən olundu. Dahi Lider bu hadisələrə ilk etiraz səsini ucaldan oldu".

YAP Səbail rayon təşkilatının sədri həmçinin onu da əlavə edib ki, bu gün Prezident İlham Əliyev həmin faciə zamanı həlak olanların ailələrinə və əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır, onlara verilən təqaüd və müavinətlər mütəmadi olaraq yüksəldilir.

Daha sonra çıxış edənlər bildiriblər ki, bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunub. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri qəhrəmanlıq nümunəsi kimi daim yaddaşlarımızda qalacaq, əziz xatirələri ehtiramla anılacaq.

Tədbir iştirakçıları faciədə şəhid olanlara Allahdan rəhmət diləyiblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə