“Böyük dövlətlər daima Azərbaycanın siyasi mühitinə müdaxilə etməyə çalışıblar” AÇIQLAMA

“Böyük dövlətlər daima Azərbaycanın siyasi mühitinə müdaxilə etməyə çalışıblar” AÇIQLAMA

"Azərbaycan Respublikası yerləşdiyi geopolitik mövqeyi və təbii şəraitinə görə, hər zaman xarici ölkələrin diqqət mərkəzində olub". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloq bildirib ki, son iki yüz ilə yaxın tariximizi araşdırsaq, bunun şahidi olarıq: "Şimal və cənub qonşularımız İran və Rusiya daxil olmaqla Böyük Britaniya, Almaniya, Fransa və ABŞ kimi qüdrətli hərbi və iqtisadi potensiala malik dövlətlər Azərbaycana olan maraqlarını hər zaman açıq şəkildə bildirərək, siyasi mühitimizə müdaxilələr ediblər. Bu müdaxilələr bəzən bərabərhüquqlu danışıqlarla tamamlansa da, bir çox hallarda casus fəaliyyətləri ilə müşaiyət olunub. Mütəmadi olaraq ölkə daxilində təxribatlar, kütləvi iğtişaşlar və terror hadisələri törədən qüvvələri bilirik. Güclü Azərbaycan dövləti dost olmayan qüvvələri ciddi narahat edir. Şimal və cənub qonşularımız hər zaman Azərbaycana bir yağlı tikə kimi baxmağa adət etdiyindən, son dövrlərdəki uğurlarımız onların yuxularına haram qatıb. Rusiyanın tanınmış siyasətçiləri, elm və mədəniyyət adamlarının Bakıya hər səfərlərindən sonra inkişafımız haqqında qısqanclıqla danışmalarından qürur hissləri keçirsək də, inanın ki, düşdüyümüz hər çətin vəziyyətdən ən çox sevinən də onlar olacaqlar".

Onun sözlərinə görə, son bir ildə hər kəsə məlum olan səbəblərdən iqtisadi çətinlik yaşayan ölkəmiz bu vəziyyətdən bacardıqca az itki ilə çıxmaq uğrunda mücadilə etdiyi zamanda bəzi üzdə görünməyən lakin mənbəyi bəlli olan qüvvələrin xalq narazılıqlarından istifadə etmək üçün hərəkətə keçdikləri göz qabağındadır: "Rusiya, İran və Ermənistana məxsus və ya onlar tərəfindən maliyyələşdirilən KİV və ya saytlar bölgələrdə olan lokal etirazları fərqli rakurslardan təqdim edərək, qızışdırıcı çağırışlar etməkdən çəkinmirlər.Təxribatçı qüvvələrin ölkədə din pərdəsi altında vəziyyəti gərginləşdirməyə yönəlik hərəkətlərinin keçən ilin sonlarında qarşısı alındı. Hesab edirəm ki, indiki şəraitdə stabilliyi təmin etmək şərti ilə dövlət başçısının son zamanlar irəli sürdüyü göstərişləri həyata keçirmək üçün bütün Azərbaycan xalqı hamılıqla səfərbər olmalıdır. Bu gün ölkəmizi düşmən qüvvələrin oylağına çevirməmək üçün hər yerdə bizə utanc gətirə biləcək faktorlardan: rüşvət, korrupsiya və məmur özbaşınalıqlarından qurtulmalıyıq. Bu neqativ ünsürlər Azərbaycanı xarici təxribatçı qüvvələrə yem edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə