YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin qurbanları anılıb FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında 20 Yanvar hadisələrinin qurbanları anılıb. SİA-nın məlumatına görə, dəyirmi masa ətrafında keçən görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və fəal gənclər iştirak ediblər.
İlk öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev 20 Yanvar hadisəsinin xalqımızın yaddaşına qanlı faciə kimi daxil olduğunu bildirib. T.Tağıyev qeyd edib ki, bu tarix Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir: "20 Yanvar tarixindən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü görüb, haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına inamını birdəfəlik itirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması barədə göstərişlər verdi. Yalnız bundan sonra faciəyə hüquqi qiymət verildi və bunun dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər həyata keçirildi. Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi unudulmur, onların ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar".

Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində silinməyən bir iz buraxıb: "20 Yanvar faciəsini törədənlər öncədən bunu hesablamış, insanları blokadaya almışdılar. Radio, televizya bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Xalq öncədən ağır və dəhşətli faciədən xəbərsiz idi. Həmin gün Azərbaycan sanki sakit və ölü bir dənizə bənzəyirdi. Mən deyərdim ki, bu hadisə sovet rejiminin törətdiyi ən dəhşətli cinayət hadisəsi idi".

Millət vəkili onu da əlavə edib ki, xalqın bu ağır günlərində, yanvarın 21-də dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək yığıncaqda çıxış edib, xalqla birgə olduğunu bəyan etmişdi: "Ulu Öndər 20 Yanvar faciəsinə siyasi qiymət verərək, hadisənin o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu səsləndirdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Bununla da xalqın qəlbində ümid çırağı yandı".
20 Yanvar cəmiyyətinin üzvü Zeynalova Svetlana o qanlı gecənin canlı şahidi olaraq 15 yaşındaykən yaşadığı ağrılı faciəni dəyirmi masa iştirakçıları ilə bölüşdü.
Gənclər isə öz çıxışlarında bildiriblər ki, şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanları, canları ilə qorumağa hazırdırlar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB