“20 Yanvar – Qəhrəmanlıq Salnaməsi” FOTOLAR

YAP Nizami rayon təşkilatında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar sərgi-tədbir keçirilib
“20 Yanvar – Qəhrəmanlıq Salnaməsi” FOTOLAR

Bu gün Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar sərgi-tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində "20 Yanvar – Qəhrəmanlıq Salnaməsi" mövzusunda rəsm sərgisi təşkil olunub.

Əvvəlcə 26 il öncə 20 yanvar tarixində Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki mühüm rolundan söz açıb, bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb.

Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 20-də Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi amansız cinayət nəticəsində çoxsaylı vətəndaşlarımız böyük sarsıntılara məruz qalıb. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edən və azadlıq, müstəqillik, suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədilə Bakıya hücum edilib. Təcavüz nəticəsində 147 nəfər mülki şəxs öldürülüb, 321 adam itkin düşüb, 700-dən çox insan yaralanıb.

Bildirilib ki, həmin vaxt qətlə yetirilənlərin içərisində uşaqlar, qadınlar, gənc və yaşlı insanlarla yanaşı, Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri də olub. Həmin gün xalqımız misli görünməmiş bir faciə yaşayıb. Bu faciə Azərbaycan tarixinə "Qara yanvar" kimi həkk olunub.

Tədbirdə Nizami rayonunun uşaq və gənclər yaradıcılıq mərkəzi üzvlərinin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə 20 Yanvar faciəsini özündə əks etdirən müxtəlif kitablar və rəsmlər sərgilənib.

Tədbirin sonunda rəsm sərgisində fərqlənmiş rəssamlara diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə