Müxalifət iqtidarla dialoqa hazırdırmı? RƏY

Müxalifət iqtidarla dialoqa hazırdırmı? RƏY

Ölkədə iqtidar-müxalifət dialoqunun yenidən gündəmə gəlməsi ictimai rəydə də maraq oyadıb. Belə ki, hər iki düşərgə təmsilçilərinin ümummilli mövzu ətrafında bir arada olmasını müxlaifət tərəfi müsbət qarşılayır. Xüsusilə, radikallıqdan kənar olan müxalifət partiyaları əsas mövzu olaraq, manatın dollar qarşısında ucuzlaşmasından sonra yaranmış situasiyada təkliflərlə çıxış edəcəklərini bildirirlər. SİA hakim partiyanın rəsmisinin, həmçinin müxalif düşərgə təmsilçilərinin fikirlərini təqdim edir.

Siyavuş Novruzov: "YAP müxalifətlə dialoqa hər zaman hazırdır"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da mətbuata açıqlamasında bildirmişdi ki, YAP müxalifətlə dialoqa həmişə hazırdır və milli maraqlar kontestində müzakirələr apara bilər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev: "İştirak barədə düşünə bilərik"

- Hal-hazırda AXCP olaraq proqram üzərində işləyirik və tezliklə hazır olacaq. Bunu həm ictimai müzakirəyə çıxaracayıq, həm də iqtidar partiyasına təqdim edəcəyik. Təbii ki, o zaman iştirak barədə düşünə bilərik. İstəyirik ki, normal dialoq şəraiti olsun. Yəni bu, mühazirə şəklində deyil, dialoq formasında reallaşsın. Biz ümid edirik ki, hakim partiya səmərəli təkliflərə açıq olduğunu biruzə verəcək.

Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov: "Dialoq lazımlı qaydadır"

-Azad və demokratik cəmiyyətlərdə iqtidarla-müxalifət arasında təmaslar, dialoq lazımlı qaydadır. Ona görə də həmin cəmiyyətlərdə heç vaxt qarşıdurmalar və siyasi gərginliklər yaşanmır. Dünyada və regionda baş verən dimanik hadisələr, ölkəmizdəki mövcud durum bunu zəruriləşdirir.

ADR rəsmisi Səxavət Əlisoy: "Burada günah sıravi müxalifətçilərdə deyil, təkəbbürdə Firona bənzəyən "dahi" liderlərdədir".

- Dialoq mühiti lazımlıdır. Lakin müxalifət bir araya gəlib iqtidarla dialoqa gedə biləcəkmi. Bu çox maraqlıdır. Çünki müxalifətin özü hələ də bir araya gələ bilmir. Gəlsələr də onlar beş gündən sonra yenidən düşmən olurlar. Ümummilli məsələlər isə arxa plana keçir. Burada günah sıravi müxalifətçilərdə deyil, təkəbbürdə Firona bənzəyən "dahi" liderlərdədir. Hesab edirəm ki, iqtidarla dialoq üçün mütləq dəyirmi masa təşkil olunmalı və vəziyyət müzakirə olunmalı idi. Görünən odur ki, müxalif düşərgədə hər kəs öz başının və qarnının hayındadır.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu: "Mövqeyimiz birmənalı olaraq dəyişilməzdir"

- Ölkə gələcəyi üçün əhəmiyyət kəsb edən dövlətçilyimizin və müstəqilliyimizin qorunması istiqamətində mövqeyimiz birmənalı olaraq dəyişilməzdir. O cümlədən də taleyüklü məsələlərdə də belədir. Bu gün baş verən iqtisadi böhrandan çıxış ücün müzakirələr mütləqdir. Buna hamı hazır olmalıdır. KXCP olaraq bizim də fikir mövqelerimiz var. KXCP də təkliflər paketi var və həmin təkliflərimizi dialoq mühitində səsləndirməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə