“Müstəqil, güclü, demokratik, inkişaf etmiş Azərbaycan” Tural Abbaslının “AĞ Partiya”sının məqsədi

“Müstəqil, güclü, demokratik, inkişaf etmiş Azərbaycan” Tural Abbaslının “AĞ Partiya”sının məqsədi

""AĞ Blok" qısa müddətdə yaranmasına baxmayaraq, artıq siyasi arenada özünü ciddi siyasi oyunçu kimi təsdiq edə bilib". Bu fikirləri SİA-ya açıqlamasında Müsavatın keçmiş Divan üzvü Tural Abbaslı deyib.

Onun sözlərinə görə, son parlament seçkilərində "AĞ Blok" uğurlu çıxış edib: "Belə ki, blok olaraq seçkilərə 8 dairədən namizədlərimizlə qatıldıq. Onlardan dördü namizəd kimi qeydə alındı və sona qədər seçkidə iştirak edərək ciddi təbliğat apardı, yüksək nəticələr əldə etdi. Ancaq biz "AĞ Bloku" partiya çevirərək siyasi səhnədə daha ciddi və ardıcıl mübarizə aparmaq niyyətindəyik. Bu istiqamətdə təbii ki, bəzi addımlar atırıq. Bu yöndə xeyli insanlarla və siyasi aktivlərlə görüşmələrimiz, məsləhətləşmələrimiz və müzakirələrimiz davam edir. Onlar arasında ictimaiyyətdə kifayət qədər tanınmış insanlar da mövcuddur. Ancaq etiraf etmək lazımdır ki, indiki siyasi mühitdə və cəmiyyətin siyasi proseslərə marağının zəif olduğu bir zamanda ciddi partiya quruculuğu xeyli ağır və nisbətən ləng gedir. Biz də öz növbəmizdə partiya yaratmaq naminə partiya yaratmaq niyyətində olmadığımız üçün bu məsələyə çox məsuliyyətli yanaşırıq".

Tural Abbaslı bildirib ki, "AĞ Partiya" elan olunacağı təqdirdə çalışacağıq ki, burada daha çox siyasi mübarizədə özünü təsdiq etmiş aktiv gənclər, siyasi proseslərdə iştirak etmək istəyən ancaq hazırki müxalif partiyalara inamı olmayan insanlar, Azərbaycanda müsbətə doğru dəyişiklik istəyən və bu yöndə siyasi fəaliyyətə hazır olanlar cəmləşsin : ""AĞ Partiya" elan olunacaqsa onun bir məqsədi olacaq müstəqil, güclü, demokratik, inkişaf etmiş Azərbaycan".

Bütün xəbərlər Facebook səhifəmizdə