Siyavuş Novruzov: "Çıxışa yazılanların hamısı təkid edəcəklər ki, onlara söz verilsin" AÇIQLAMA

Siyavuş Novruzov: "Çıxışa yazılanların hamısı təkid edəcəklər ki, onlara söz verilsin" AÇIQLAMA

"Milli Məclisin Daxili Nizamnaməsində təklif olunan dəyişikliklərdə qeyd olunub ki, zərurət yarandıqda deputatlara növbədənkənar söz verilə bilər. Hesab edirəm ki, nizamnamənin əvvəlki variantı daha düzgün idi". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, belə olan halda bütün deputatlar təkid edəcəklər ki, onlara söz verilsin və onda da zərurət yaranacaq. Komitə sədri bu prosesin hansı əsasla tənzimlənəcəyinin məlum olmadığını vurğulayıb: "Hər bir sahə ilə bağlı məsələ müzakirə olananda müvafiq komitənin sədrinə söz veriləcək. Çıxışa yazılanların hamısı təkid edəcəklər ki, onlara söz verilsin. Söz verməyəndə deyəcəklər ki, daxili nizamnamə pozulur, söz verəndə isə proses qaydasında getməyəcək. Ona görə də, nizamnamənin əvvəlki variantda qalmasının məqsədəuyğun olduğunu hesab edirəm. Bu məsələləri bir mexanizmlə tənzimləməliyik".

Millət vəkili təklif edib ki, zərurət yarananda komitə sədrlərinə növbədənkənar söz verilsin: "Zərurət də ondan ibarət olsun ki, hansısa sahə ilə bağlı ciddi məsələ qaldırılarsa, o məsələnin araşdırılması, öyrənilməsi, sualların cavablandırılması üçün dərhal müvafiq komitənin sədrinə söz verilsin. Hesab edirəm ki, o müddəa dəyişiklikdən çıxarılmalı və nizamnamə əvvəkli qaydada saxlanılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə