Elmar Məmmədyarovun “İrs” jurnalında müsahibəsi dərc edilib

Elmar Məmmədyarovun “İrs” jurnalında müsahibəsi dərc edilib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun "İrs" jurnalının Vyetnam dilində ilk buraxılışında müsahibəsi dərc edilib. XİN-dən SİA-ya verilən məlumata görə, müsahibədə Elmar Məmmədyarov Azərbaycanla Vyetnam arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi münasibətlərin inkişafından məmnunluq ifadə edib, hər iki ölkə başçısının qarşılıqlı səfərlərinin bu məsələdə həlledici rol oynadığını bildirib.

Nazir həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirib, BMT və Qoşulmamaq Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İkitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyətinə toxunan Nazir Elmar Məmmədyarov, 2014-cü ildə hər iki ölkənin iş adamlarının iştirakı ilə Hanoy şəhərində keçirilmiş biznes forumu, SOCAR və Petrovyetnam şirkətləri arasında qurulmuş əməkdaşlığı qeyd edib, yaxın gələcəkdə hökumətlərarası iqtisadi komissiyanın işə başlaması ilə bu istiqamətdə arzuolunan nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumat verən Elmar Məmmədyarov, münaqişənin həlli ilə bağlı BMT TŞ-ın dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, işğal faktının təkcə Azərbaycan üçün deyil, bütün region üçün əsas təhdid olduğunu diqqətə çatdırıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminlik ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə