Nəriman Əliyev: “Xalq İlham Əliyevi seçməklə öz xoşbəxt gələcəyini təmin edib” AÇIQLAMA

Nəriman Əliyev: “Xalq İlham Əliyevi seçməklə öz xoşbəxt gələcəyini təmin edib” AÇIQLAMA

"Müstəqil Azərbaycan dövləti siyasi və iqtisadi çəkisinə görə bu gün dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə illər ərzində Azərbaycanın siyasi, sosial-iqtisadi sahələrdə, cəmiyyətin tam demokratikləşməsi istiqamətində qazandığı möhtəşəm nailiyyətlər, eləcə də Qərb üçün həyati əhəmiyyət daşıyan qlobal enerji layihələrinin reallaşması dünyanın aparıcı dövlət başçıları, nüfuzlu politoloqlar, hər zaman Azərbaycanı özlərinə dost, etibarlı tərəfdaş kimi qəbul edən mötəbər beynəlxalq təşkilatların ekspertləri tərəfindən çox yüksək dəyərləndirilir". Bu fikirləri SİA-ya parlamentin deputatı Nəriman Əliyev Prezident İlham Əliyevin siyasi fəaliyyəti dövrü əldə edilən uğur və nailiyyətlə barədə danışarkən deyib.

Nəriman Əliyevin bildirdiyinə görəə, təsadüfi deyil ki, bəşəriyyətin siyasi proseslərə təsir etmə mexanizmlərinə malik olan Davos İqtisadi Forumunun, Dünya Bankının və digər nüfuzlu qurumların hazırladıqları hesabatlarda Azərbaycan həmişə ön mövqelərdədir və ən islahatçı ölkə elan olunub: "Bu fonda Azərbaycan bir çox dövlətlərə nümunə göstərilir. Prezident İlham Əliyev isə yeni düşüncəli praqmatik siyasətçi və regionun Lideri kimi tanınır və qəbul edilir. Azərbaycanın dinamik və hərtərəfli inkişafı göz qabağındadır. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın hərtərəfli tərəqqisinə nail olmağı strateji məqsəd kimi qarşıya qoyub və qısa müddətdə onu həyata keçirib. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanıb, müxtəlif dövlət proqramları qəbul olunub, onların icrasına dövlətimizin başçısı şəxsən özü nəzarət edib. Cənab İlham Əliyev Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş dövlətçiliyimizi daha da möhkəmləndirmək, ölkəmizin siyasi, sosial-iqtisadi və digər sahələrdə dinamik inkişafı, əhalinin rifah halının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması və digər prioritet məsələlərlə bağlı genişmiqyaslı islahatlar həyata keçirib.

"2003, 2008 və 2013-cü illərin prezident seçkiləri xalqımızın yaddaşında həyatımızın bütün sahələrində görünməmiş irəliləyişlər, verilən vədlərin əməli şəkildə həyata keçirilməsi, sıçrayışlı inkişaf dövrü kimi yadda qalıb", - deyə qeyd edən millət vəkilinin bildirdiyinə görə, xalqımız bir daha əmin oldu ki, öz tarixi seçimində yanılmayıb, Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevi dövlət başçısı seçməklə, əslində öz xoşbəxt gələcəyini təmin edib. Son illər görülən işlərin nəhəng miqyası, Azərbaycanın hərtərəfli inkişafı naminə qəbul edilən qlobal proqramlar, onların real nəticələri bu həqiqəti bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, onun üçün ən böyük qiymət məhz xalqın, insanlarımızın münasibətidir. Bakı sakinləri, bölgələrdəki əhali ilə mütəmadi görüşlər keçirən, onların qayğıları ilə ətraflı tanış olan və həlli yolunda konkret addımlar atan möhtərəm İlham Əliyev xalqın dərin məhəbbətini qazanıb və ölkəni inkişaf etdirməyə qadir praqmatik siyasətçi kimi özünü tam doğruldub".

Nəriman Əliyev deyib ki, həqiqətən də bu inamın, etibarın arxasında cənab İlham Əliyevin uzun illər ərzində topladığı sanballı siyaşi dividentlər və onun tükənməz enerjisi dururdu: "Hələ dövlət başçısı seçilməzdən xeyli əvvəl-ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq cənab İlham Əliyevin Milli Məclisdəki, Avropa Şurası və Milli Olimpiya Komitəsindəki fəaliyyəti ona daim uğur gətirib. ARDNŞ-in birinci vitse-prezidenti kimi milli neft strategiyamızın həyata keçirilməsində misilsiz xidmətlər göstərib. Azərbaycan Prezidenti kimi fəaliyyətə başlayandan sonra isə cənab İlham Əliyevin daha bir keyfiyyəti dünyamiqyaslı dövlət başçısı və Liderə məxsus təkrarsız qabiliyyəti və bacarığı özünü büruzə verib.

Son on iki ildə qazanılmış uğur və nailiyyətlər dövlətimizin başçısının böyük istedad və fenomenal təşkilatçılıq qabiliyyətinin, səfərbəredici gücünün sayəsindədir. Cənab İlham Əliyev öz işi və fəaliyyəti ilə Ulu Öndərimizin əbədiyaşar ideyalarının gerçəkləşməsini təmin etməklə yanaşı, onları müasir dövrün tələblərinə uyğunlaşdıraraq, mahiyyət və keyfiyyətcə zənginləşdirib, daha da təkmilləşdirib".

Millət vəkilinin sözlərinə görə, indi Azərbaycan dünya ölkələri, xüsusən də Qərb üçün çox böyük önəm daşıyır. Həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə bizimlə sıx əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artmaqdadır. Bir çox aparıcı dövlətlərlə əlaqələrimiz artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib: "Müstəqil Azərbaycan dövlətinin uğurla yürütdüyü və regionda sabitliyin möhkəmlənməsinə, inkişafa yönələn xarici siyasət xətti birmənalı olaraq bəyənilir və təqdir olunur. Azərbaycan dünya ölkələri üçün açıq ölkədir. Burada xarici sərmayə yatırtmaq, sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılıb ki, bu da həm Qərb, həm də Şərq ölkələrini, onların şirkətlərini xüsusilə cəlb edir.

Azərbaycan dünyanın, o cümlədən Qərbin enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfələrini verməkdədir. Təsadüfi deyil ki, ölkəmiz bu sahədə reallaşan bütün irimiqyaslı layihələrin əsas iştirakçısıdır. Bakı -Tbilisi -Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam işə düşməsi Azərbaycanın nefti ilə yanaşı, təbii qazını da dünya bazarlarına çıxarıb. Həyata keçirilən digər transmilli layihələr də bu konteksti əhatə edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar Azərbaycanın gələcəyi üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir.

Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əmin- amanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Bu baxımdan, neft və qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin reallaşması Azərbaycanın nəinki regionda, eləcə də dünyadakı siyasi nüfuzunun, iqtisadi qüdrətinin bariz nümunəsidir. Bununla da regionumuz yalnız enerji layihələri deyil, həm də nəhəng nəqliyyat infrastrukturu ilə də birləşəcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir. Bu layihələr təkcə iki müxtəlif coğrafıyaları bir-birinə bağlamır, eyni zamanda mədəniyyətləri, fərdi anlayışları da bir-birinə qovuşduracaqdır".

Millət vəkili son olaraq deyib ki, dövlətimizin başçısının yürütdüyü həm daxili, həm də xarici siyasət kursu ölkəmizə və xalqımıza daim uğur gətirib, bundan sonra da gətirəcəkdir: "Prezident İlham Əliyevin son 12 il ərzində gördüyü möhtəşəm işlər və hazırkı fəaliyyəti qətiyyətlə deməyə əsas verir ki, o Heydər Əliyevin müdrik ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir Liderdir".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə