Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində olan AİDA təşkilatının rəhbəri Əşrəf Şıxəliyev ilə ilin yekunlarına dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, AİDA təşkilatının rəhbəri aşağıdakı suallara aydınlıq gətirib.
- AİDA-nın 2015-cü il üzrə fəaliyyətini necə səciyyələndirirsiniz? Yardıma ehtiyacı olan ölkələr sizin yardımlardan hansı formada faydalanıb?
- 2015-ci il agentliyin fəaliyyəti üçün çox uğurlu il olub. 2015-ci ildə bizim agentliyimiz böyük nailiyyətlər əldə edib və öz proqramlarını genişləndirib. Ümumiyyətlə, son illərdə Azərbaycanın sürətlə inkişaf etməsi ölkəmizin iqtisadiyyatının möhkəmlənməsinə, eləcə də həm regionda, həm də regiondan kənarda Azərbaycanın investor kimi fəaliyyətinə gətirib çıxarıb. Artıq bizim ölkəmiz o səviyyəyə çatıb ki, Azərbaycan yardım alan dövlətdən yardım verən ölkəyə çevrilib. Bu ölkənin tarixində yeni mərhələdir. Azərbaycan donor ölkəsinə çevrilməyə başlayıb. Həmin donor fəaliyyətinin əlaqələndirilmiş şəkildə aparılması üçün 2011-ci ilin sentyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) yaradılmışdır. Agentlik öz fəaliyyətini əvvəlki illər kimi iki istiqamət üzrə aparıb. Bura hümanitar yardımların və texniki yardım layihələrinin göstərilməsi daxildir. Bu iki sahədə agentliyin fəaliyyəti qeyd olunur və beynəlxalq təşkilatlarla təmaslar qurulur və s. Hümanitar sahədən danışarkən qeyd etmək istərdim ki, bizim ən uğurlu layihələrimizdən biri İslam İnkişaf Bankı ilə tərəfdaşlıqda 8 Afrika ölkəsində katarakta ilə mübarizə kampaniyasıdır. Həmin kampaniya çərçivəsində Azərbaycan oftalmoloqları iştirak edirlər. İslam İnkişaf Bankı ilə bərabər tərəfdaşlıq əsasında AİDA bu kampaniyanı maliyyələşdirir. Bu il kampaniyanın birinci mərhələsi tamamlanıb.
- Bildiyimiz kimi, 2015-ci ildə AİDA Ebola virusu ilə mübarizəni də dəstəkləyib və Afrikada Ebola ilə mübarizəyə Azərbaycan tərəfindən 1 milyon dollar vəsait ayrılıb. Xahiş edirik, bu barədə ətraflı məlumat verəsiniz.
- Həmin vəsaitin istifadəsi üçün AİDA Agentliyi Nyu-Yorka səfər edərək bir sıra BMT qurumları ilə görüşlər keçirib və bu görüşlər zamanı biz çalışırdıq ki, müəyyən edək ki, hansı qurumlarla tərəfdaşlıq quraq. Görüşlər zamanı müəyyən edildi ki, BMT-nin İnkişafa Yardım proqramı və BMT-nin Hümanitar Məsələlərin Əlaqələndirilməsi ofisi ilə birgə layihələr həyata keçirək. Bu ilin iyul ayında Nyu-Yorkda keçirilmiş Eboladan sonrakı bərpa işləri üzrə beynəlxalq donor konfransında Azərbaycanın bir milyon dollar məbləğində töhfəsi barədə elan edilmişdir. Beləcə həmin vəsait BMT-nin Hümanitar Məsələlərin Əlaqələndirilməsi ofisi və BMT-nin İnkişaf proqramına yönədilib. Azərbaycanın töhfəsi Eboladan xəstələnmiş və sağalmış insanların əmək fəaliyyətinə qayıtması proqramlarına edilir. Bu olduqca vacibdir. Çünki Ebola bu dövlətlər üçün böyük bir faciə olub. Beləcə onların iqtisadiyyatına güclü zərbə vurub, eləcə də insanların psixoloji vəziyyətinə təsir göstərib.
- 2015-ci ildə əldə etdiyiniz uğurlardan biri də BMT Baş Katibi tərəfindən BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupuna üzv təyin edilməniz olub. Bu üzvlük AİDA üçün hansı yeni imkanlar aça bilər?
- Ümumiyyətlə, bu, böyük bir nailiyyətdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin qiymətləndirilməsi kimi qəbul edirik. Bu, Azərbaycan dövlətinin nailiyyətidir. Artıq bu göstərir ki, yeni donor ölkəsi kimi Azərbaycan öz fəaliyyətini səmərəli şəkildə həyata keçirir. BMT Baş katibi səviyyəsində bu qiymətləndirilir. Təbii ki, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupunda iştirak etmək Azərbaycan üçün yeni imkanlar açır. Həmin Fond dünya miqyasında baş verən faciələrə təcili yardım göstərir. Bu Fondun fəaliyyətinin qiymətləndirilməsi, istiqamətləndirilməsi və təkliflərin verilməsində Azərbaycan iştirak edir. Beləcə, Məşvərət Qrupunun təklifləri BMT Baş katibinə təqdim edilir. Bu göstərir ki, Azərbaycan artıq qlobal miqyasda göstərilən hümanitar proseslərdə iştirak edir. Məhz bunun sayəsində AİDA Agentliyinin imkanları və tərəfdaşlarının sayı artmaqdadır. Bu, gənc Agentlik üçün olduqca vacibdir. Biz bu imkanlarından dövlətimizin maraqlarına və onun təşviqinə, əlavə siyasi tərəfdaşların və dostlarının qazanılması üçün istifadə etmək niyyətindəyik.
- 4 il əvvəl yaradılan AİDA-nın ümumilikdə Azərbaycan üçün rolu nədir?
- AİDA Agentliyi artıq 4 ildir ki, fəaliyyət göstərir. Beynəlxalq yardım siyasəti bu xarici siyasətin tərkib hissəsidir. Hətta deyərdim ki, xarici siyasətin alətidir. Məhz buna görə XİN-in nəzdində AİDA Agentliyinin təsis edilməsi bizim dövlətimizin xarici siyasətində yeni bir səhifə açıb. Beynəlxalq yardımı yumşaq güc adlandırırlar. Bu olduqca effektiv alətdir. Biz bu alətdən istifadə edərək Azərbaycanın xarici bazarlarında xarici siyasət və iqtisadi maraqlarına nail olmağa çalışırıq. AİDA çalışır ki, Azərbaycanın dostlarının, tərəfdaşlarının sayını artırsın. Bununla belə, Azərbaycanın dövlət və özəl qurumlarının xarici bazarlardakı maraqlarına dəstək versin. Bu təsirli alətin effektivliyi qarşılıqlı əlaqədən asılıdır.
- Gələcək planlarınıza nə daxildir?
- Biz istərdik ki, xarici tələbələrin Azərbaycanın öz ali təhsil ocaqlarında təhsil almaları üçün proqramımızı genişləndirək və ixtisasartırma kurslarını davam etdirək. Bununla da Azərbaycan inkişaf edən dövlətlərin insan kapitalının formalaşmasına öz töhfəsini vermiş olacaq. Təbii ki, biz elmi əməkdaşlığa da dəstək vermək niyyətindəyik. Xüsusilə neft ölkəsi olan Azərbaycanın neft alimləri ilə xarici neft alimləri arasında əməkdaşlığını davam etdirmək istəyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB