YAP Qadınlar Şurasının 20 illiyi qeyd olunub

YAP Qadınlar Şurasının 20 illiyi qeyd olunub

Bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının yaradılmasının 20 illiyi münasibətilə "Uğurdan-Uğura 20 il" adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edbilər. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini- İcra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, YAP rayon təşkilatlarının sədrləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva məruzə ilə çıxış edərək, ötən dövr ərzində şuranın fəaliyyəti haqqında ətraflı məlumat verib. N.Əliyeva qeyd eidb ki, heç bir müsəlman ölkəsində qadınlar Azərbaycandakı kimi fəal deyil: "Müasir dünyamızda qadınların ictimai fəallığı, cəmiyyətin sosial-iqtisadi həyatında yaxından iştirakı yalnız konkret bir toplumun tarixi təkamül prosesinin hansı mərhələsində olduğunu müəyyən etmir. Həm də bu təkamülə yol açan bu prosesin mənəvi-əxlaqi meyarlarını konkretləşdirən əhəmiyyətli faktorlardandır. Azərbaycan qadınının müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Ulu Öndərin ideyaları əsasında 1992-ci ilin noyabrında Azərbaycanın siyasi həyatında tarixi zərurət kimi meydana çıxan Yeni Azərbaycan Partiyası milli vəhdətə, ölkənin faciələr, sarsıntılar dövrünü keçmişə buraxaraq sabit, məqsədyönlü inkişaf yoluna qədəm qoymasını arzulayan və bu prosesə öz tövhəsini vermək istəyən Azərbaycan qadınlarının birlik, bərabərlik ünvanı oldu".

Nurlana Əliyeva onu da qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin tövsiyəsi ilə Yeni Azərbaycan Partiyasının mərkəzi və yerli təşkilatlarının tərkibində qadınlar şuralarının yaradılması böyük ictimai dəstəklə müşaiyət olunurdu: "Ulu Öndərin siyasi qüdrətinə inanan Azərbaycan qadınlarının qabaqcıl üzvləri belə bir təşəbbüsü yaxından dəstəkləyir, bu şuranın işində yaxından fəal iştirak etmək üçün dəstə-dəstə Yeni Azərbaycan Partiyasının sıralarına gəlirdilər. Ümummilli Liderin Azərbaycan qadınının cəmiyyətdəki roluna və Azərbaycan qadının Heydər Əliyev siyasətinə verdiyi yüksək dəyər, ölkədə qadın fəallığı ənənələri tarixinə yeni səlnamələr yazdı. Bu gün Azərbaycan qadını Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə övladlarının parlaq gələcəyini, özünün, doğmalarının stabil bir cəmiyyətdə güvənli, təhlükəsiz həyatını həm də gündən-günə zənginləşən süfrəsindəki bolluğu görür. Azərbaycan qadının Ölkə başçısı İlham Əliyevin müəllifi olduğu tarixi dövrə rəğbətini, bu dövrün yaradılması prosesində aktiv iştiraka həvəsini şərtlənmdirən ən əsas amillərdən biri də Azərbaycanın Birinci xanımı, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadının layiq olduğu ən yüksək ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir".

N.Əliyeva çıxışının sonunda YAP Qadınlar Şurasının 20 illiyi münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında bildirib ki, tale və tarix bu partiyanın üzərinə məsuliyyət qoyub: "YAP-ın sıralarında siyasi yolu, ideologiyanı, inkişaf yolunu qəbul edən bərabərhüquqlu partiya üzvləri birləşiblər. Partiya üzvlərinin təqribən yarısı məhz qadınlardan ibarətdir. Qadınlar həyatımızın bütün sahələrində işləyirlər, fəaliyyət göstərirlər. Bilavasitə peşə fəaliyyəti ilə yanaşı YAP-da siyasi əqidələrinə uyğun şalışırlar. YAP sıralarında çoxsaylı qadınların təmsil olunması Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin, o şəxsiyyətin Azərbaycan üçün, Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərlə və Azərbaycanın gələcək perspektivləri üçün müəyyənləşdirdiyi siyasi xətlə birbaşa bağlıdır. Bütün bunlar qadınların YAP-a gəlişini və onun sıralarında fəaliyyətinin şərtləndirən amillərdəndir. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə uğurla irəliləyən bütün Azərbaycan vətəndaşlarını uğurdan uğura aparır. Bu mənada bu gün YAP sıralarında yüz minlərlə qadın cəmləşir, öz fəaliyyətləri ilə Azərbaycana xidmət edirlər. Ulu öndər Heydər Əliyev yolunda YAP Qadınlar Şurasının hər bir üzvünə uğurlar arzulayıram".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, YAP Qadınlar Şurası cəmiyyətimizin inkişafına mühüm töhfə verməkdədir: "Bu gün 600 mindən çox üzvü olan YAP-ın üzvlərinin böyük bir hissəsini qadınlar təşkil edir. Bu gün ölkənin lider partiyası olan Yeni Azərbaycan Partiyası digər müvafiq qurumlardan öz demokratikliyi, humanizm ideyaları ilə fərqlənir. Azərabycan qadınları bu partiyada kifayət qədər özlərini cəmiyyətə müsbət mənada təqdim edə bilirlər. YAP Qadınlar Şurası həmişə xalqımızın həyatında baş verən bütün taleyüklü məsələlərdə yaxından iştirak edir və fəal iş aparır. Ona görə də bu gün tədbirdə Dövlət Komitəsi adından qadın hüquqları sahəsində siyasi fəaliyyətinə görə YAP Qadınlar Şurasına mükafat da təqdim etmək istərdim. Bütün qadınlarımıza gələcək koreyeralarında, həyatlarında müvəffəqiyyət arzulayıram".

Daha sonra YAP Qadınlar Şurasının bir qrup üzvünə mükafatlar təqdim olunub.

Çıxış edən millət vəkilləri Ülviyyə Həmzəyeva, Pərvin Kazımzadə Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıblar.

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov çıxışnda YAP Qadınlar Şurasının yaranmasının partiya tarixində əlamətdar hadisə olduğunu qeyd edib. Ə. Əhmədov bildirib ki, YAP Ulu Öndər Heydər Əliyev ideyalarının gələcək nəsillərə çatdırılması naminə mübarizə aparır ki, bu işdə qadınların xüsusi rolu vardır: "Onlar Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsinin zəruriliyini tam mənada baş düşür və bu istiqamətdə ürəklə çalışırlar. Qadınlar getdikcə ictimai-siyasi həyatda daha aktiv iştirak edirlər. Azərbaycan qadınları elm və ictimai həyatın bütün sferalarında çalışır və ölkəmizin inkişafına böyük töhfələr verirlər".

YAP İcra katibi Əli Əhmədov qeyd edib ki, qadınların Yeni Azərabaycan Partiyasına can atmaları YAP Qadınlar Şurasının yaranması ehtiyacı yaratmışdı: "Bu gün partiyanın xətti ilə bir çox qadınlar ictimai-siyasi həyatda aktiv iştirak etmək imkanı qazanıblar. Tarix YAP Qadınlar Şurasının yaradılmasının necə uğurlu addım olduğunu sübut edib. Bu gün YAP Qadınlar Şurasının fəaliyyəti ölkənin hüdudlarından da kənara çıxıb. Düşünürəm ki, bundan sonra ölkəmizin ictimai-siyasi həyatında YAP Qadınlar Şurasında təmsil olunan qadınların rolu daha da artacaq. Qadınların ictimai-siyasi sferada rolunu artırmağa ehtiyac var. Azərbaycandan xaricdə cərəyan edən hadisələr fonunda qadınların gənc nəslin tərbiyəsində rolunun artırılmasına ehtiyac var".

Tədbir yubiley münasibətilə təşkil olunmuş konsert proqramı ilə davam etdirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə