Əbülfəs Qarayev İSESCO-nun mükafatına layiq görülüb

Əbülfəs Qarayev İSESCO-nun mükafatına layiq görülüb

"Azərbaycan bir çox sahələrdə böyük uğurlar qazanıb və çox sürətlə inkişaf edir. Bu da Azərbaycan prezidentinin düzgün siyasətinin nəticəsidir. Azərbaycana daha da böyük uğurlar əldə etməsini arzulayıram". SİA xəbər verir ki, bunu İSESCO-nun İcraiyyə Şurasının sədri Bubakar Dukur İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası çərçivəsində keçirilən plenar sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, bundan əvvəl keçirilən İcraiyyə Şurasının sessiyalarında bir sıra mühüm məsələlər müzakirə olunub: "Əsas məsələ isə 2016-2017-ci illər üçün büdcə və fəaliyyət planının təsdiq olunmasıdır. Bundan sonra İSESCO-nun rolu daha da gücləndirilməlidir. Gələcəkdə həmrəylik ənənələrinin İslam dünyası daxilindəki rolunu gücləndirmək işləri də davam etdiriləcək".

İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Mehca Ahmed Talebna isə çıxışında qeyd edib ki, müsəlmanlar üçün elm və təhsil imkanlarının genişləndirilməsi İSESCO-nun əsas fəaliyyət aspektlərindəndir: "Hazırda dünya ölkələrinin üzləşdiyi böhranlı vəziyyətdə müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı olduqca çox narahatıq. Bu ayrı-seçkilərlə bağlı mühüm tədbirlər görülməlidir. Düzdür bununla əlaqədar qətnamələr qəbul olunub. Amma haqsızlıqlarla mübarizə aparıb inkişafı təmin etməliyik. Mədəniyyət, təhsil və elm də bu işdə mühüm vasitədir. Ona görə də üzv ölkələrlə əməkdaşlığa xüsusi önəm vermək lazımdır. Digər ölkələrin qabaqcıl təcrübələri ilə tanış olmaq lazımdır".

Çıxışlardan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə İSESCO-nun fəaliyyətinə verdiyi töhfələrə görə mükafat verilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə