Millət vəkili: “Münasibətlər bir təyyarə hadisəsinə görə pozulmamalıdır” AÇIQLAMA
"Beynəlxalq münasibətlər sisteminin müasir mərhələsində yeni siyasi və hərbi tarazlıq mərkəzlərinin yaranamsının əlamətləri görünməkdədir. Bunun ilkin baza coğrafiyası isə Suriya və Yaxın Şərqdir". Bu fikirləri SİA-ya , politoloq, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Himət Babaoğlu son günlər Türkiyə Rusiya arasında yaranmış münaqişəni şərh edərkən deyib.
Millət vəkili qeyd edib ki, dünya siyasətini müəyyənləşdirən hegemon güclərin məhz Suriya və Yaxın Şərqdəki mübarizəsinin nəticəsi olaraq dünyada yeni güc mərkəzlərinin formalaşması prosesi başlayacaq: "Rusiya təyyarəsinin Türkiyə silahlı qüvvələri tərəfindən vurulmasını da bu konteksdə dəyərləndirmək lazımdır. Hadisə baş verib, artıq rəsmi mövqelər də bəllidir. Amma əminliklə söyləyə bilərəm ki, burada üçüncü tərəfi də axtarmaq lazımdır. Son zamanlar Ukraynada və Şərqi Avropada baş verən hadisələrə baxmayaraq Rusiya Türkiyə münasibətlərinin inkişafı müsbət istiqamətdə davam edirdi və qarşılıqlı iqtisadi münasibətlər milyardlarla dollar həcmində ölçülürdü. Bundan başqa strateji sahələrdə də Rusiya Türkiyə münasibətləri yüksək səviyyədə idi. Türkiyə ərazisində 20 milyard dollar həcmində Ruisyanın dövlət sərmayəsi hesabına Atom Elektrik Stansiyasının (AES) tikilməsi ilə bağlı razılaşma da buraya daxildir. Turizm sahəsində də məlumdur ki, Rusiya Almaniyadan sonra Türkiyəyə ikinci turist göndərən ölkə idi. Eyni zamanda məhz Lavrovun Türkiyəyə rəsmi səfərindən bir gün öncə məlum hadisənin baş verməsi yenidən bizim ağlımıza üçüncü tərəfin təsiri məsələsini gətirir. Bu və ya digər formada yenə insanı düşünməyə vadar edir ki, burada üçüncü tərəf istisna deyildir. Əgər bunu diqqətlə analiz etsək şahidi olarıq ki, tarixən Avropa qitəsində iki dünya müharibəsi baş verib. İndi də növbəti genişmiqyaslı müharibənin başlanması üçün Yaxın Şərq coğrafiyası seçilib. Bunu kimlər seçibsə, üçüncü tərəf də məhz onlardır. Hesab edirəm ki, Rusiya Türkiyə münasibətlərinin belə kritik olması nə Rusiyanın nə də ki, Türkiyənin xeyrinədir. Əksinə bir qədər soyuqqanlı olub bu məsələni emosional ağılla deyil, siyasi ağılla müzakirə etsələr hər iki tərəf bundan sonrakı mərhələdə əvvəlkindən daha yüksək səviyyədə müttəfiqlik qura bilərlər. Çünki Rusiya Türkiyə münasibətləri bir təyyarə hadisəsi ilə pozulacaq münasibətlər deyil".
Hikmət Babaoğlu tarixə də nəzər salaraq bildirib ki, tarix təkrarlanır: "XX əsrin əvvəllərində Rusiyada bolşevik inqilabı baş verən zaman Türkiyədə Cümhuriyyət quruldu və tarixi zərurət bolşevik Rusiyası ilə Türkiyəni müttəfiq etdi. Bəlkə yüz il sonra tarix yenidən təkrarlanacaq. Yenidən Türkiyə Rusiya müttəfiqliyinə zərurət yaranıb. Arzu edərdim ki, hər iki dövlətin siyasətçiləri bunu dəyərləndirsinlər. Bu məsələnin Azərbaycan tərəfinin də probleminin həllində müsbət rolu ola bilər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB