Bəhruz Quliyev: “Reketçiliklə ciddi saytlar məşğul olmurlar” MÖVQE
"Dövlət mətbuatın idarə olunması üçün hüquqi baza yaratmaqla bərabər Mətbuat Şurasını da formalaşdırdı ki, media özü-özünü tənzimləyə bilsin. Elə problemlər var ki, onu birbaşa mətbuat və cəmiyyət tənzimləməlidir". Bu fikirləri "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev Mətbuat Şurasının təşəbbüsü ilə "Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış" mövzusunda keçirilən tədbirdə deyib.
Bəhruz Quliyev qeyd edib ki, reketçiliklə ciddi saytlar məşğul olmurlar: "Azərbaycanda xəbərçiliklə məşğul olan portalların çoxu missionerlik edirlər. Onlar xarici kəşfiyyat orqanlarının Azərbaycan cəmiyyətinə sırımağa çalışdığı və Azərbaycanda dövrüyəyə buraxmaq istədiyi informasiyanı istənilən yerə ötürür, onu tirajlayırlar. Reketizm qlobal dünyanın bəlasına çevrilib ki, bu gün ənənəvi mediadan kiber texnologiyalar vasitəsilə internet mediaya transfer edilib. Bunların da arxasında ayrı-ayrı şəxslərdən şantaj yolu ilə maliyyə vəsaiti əldə etmək dayanır. Bunu etiraf etmək lazımdır. Unutmamalıyıq ki, hər birimiz, hər bir jurnalist Azərbaycan vətəndaşıdır. Gəlin vətəndaşlıq mövqeyi, dövlətçilik mövqeyi ortaya qoyaq. O demək deyil ki, hamı hakmiyyəti tərifləsin. Xeyir! Hərənin öz mövqeyi var, hərənin öz əqidəsi var. Bu başqa məsələdir. Amma dövlətçilik mövqeyi bu məqamda özünü göstərməlidir. O şey ki, dövlətimizi sarsılda bilər, o şey ki, bizim vətənimizə ziyan gətirə bilər biz bu yerdə özümüzə dur deməyi bacarmalıyıq".
Media Qrupun rəhbəri onu da qeyd edib ki, Azərbaycan mətbuatında bəzi informasiyalar istinad olunmadan ictimailəşdirilir: "Bəzən də kimin kimdən xoşu gəlmirsə onun barəsində sosial şəbəkədə bir status paylaşır və o da ciddi xəbər kimi cəmiyyətə təqdim olunur. İstintaq gedən dövrdə hər hansı bir məmur haqqında material KİV-də gedirsə, fərqi yoxdur bu hansı formadadır, deməli, bu mətbuata bilərəkdən ötürülüb. Bu isə missionerlikdən başqa bir şey deyil. Ona görə, buna yol verməməliyik. Mən sizi vətənpər olmağa çağırıram".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB