"İnsanların təhlükəsizliyi hər şeyin fövqündədir" Elman Nəsirli
"Böyük İyyirmilik (G20) 2008-ci ildə yaranandan bəri daha çox iqtisadi və maliyyə məsələləri ilə məşğul olan bir qurum kimi formalaşdı. Lakin hadisələrin sonrakı gedişatı onu göstərdi ki, bu qurum təkcə maliyyə, iqtisadi deyil, həm də çox ciddi siyasi və təhlükəsizlik məsələləri ilə məşğul olmaq məcburiyyətində qalacaq. Baxmayaraq ki, bu missiyanı Böyük səkkizlik və sonralar Böyük İyyirmilik həyata keçirdi. Bu nöqteyi-nəzərdən "G20"nin sayca 10-cu sammiti də istisna olmadı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.
Onun sözlərinə görə, Avstraliyada ötən il keçirilən sammitdə Ukrayna böhranı əsas diqqət mərkəzində saxlanıldı. Bu sammitdə isə əsasən iki böhran diqqəti özünə cəlb etmişdi. Bunların birincisi terror, digəri isə miqrantlarla bağlı məsələdir. Öncədən də bəlli idi ki, terrorla bağlı bu sammit çərçivəsində Böyük İyyirmilik dövlətlərinin rəhbərləri bir bəyannamə qəbul edəcəklər ki, bu da terrorizmə qarşı mübarizədə mühüm müddəalar öz əksini tapacaq".
E.Nəsirli bildirib ki,noyabr ayının 13-də Parisdə baş verən Fransanın müasir tarixinin ən dəhşətli terror aktları bu ideyanın daha da güclənməsinə gətirib çıxardı: "Əslində gözlənildiyindən də daha ciddi sammit çərivəsində terrora qarşı mübarizə, eləcə də miqrantla bağlı məsələlər diqqət mərkəzində saxlanıldı. Məlumdur ki, bu məsələ ilə bağlı bəyanat da qəbul olunub. Bəyannamədə terrorizmə qarşı mübarizə məsələləri və mübarizənin intensivləşdirilməsi, yekdil aparılması, bütün dövlətlərin bu mübarizəyə töhfə verməsi, koordinasiya olunmuş fəaliyyətinin həyata keçirilməsi və s. müddəalar öz əksini tapıb. Terrorizm ayrı bir dövlətin problemi deyil. Bu bütün sivil bəşəriyyətin problemidir. İnsanların təhlükəsizliyi hər şeyin fövqündədir. İnsan amili hər şeydən vacibdir".
O əlavə edib ki, bu sammitin Azərbaycan üçün çox böyük əhəmiyyəti var: "Azərbaycan Prezidenti cənab İlham Əliyev də terrorizm, miqrant problemləri ilə bağlı aparılan müzakirələrdə çıxış etdi. Bildirdi ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizəyə töhfə verən dövlətdir. Cənab Prezident geniş şəkildə orada öz mövqeyini diqqətə çatdırdı və Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Orada imzalanan bəyannamənin bizim üçün əhəmiyyəti onda olacaq ki, artıq birdaha dövlət başçıları öz əminliklərini ifadə etdilər ki,terrora qarşı mübarizə birlikdə aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB