Azərbaycan-İran biznes forumu keçirilib YENİLƏNİB

Bu gün İran İslam Respublikasının iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın "Pars Pegah Tejarat" şirkətinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-İran biznes forumu keçirilib.

Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı və qida sənayesi, tikinti, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.

Tədbirdə çıxış edən İranın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Möhsün Pakayin İranın Azərbaycanla əlaqələrinin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında əməkdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayıb. Səfir Pakayin bu günkü biznes forumun da iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin inkişafına töhfə verəcəyini vurğulayıb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətindəgörülən işlər, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və iranlı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Gilan vilayətinin valisi Muhəmməd Əli Nəcəfi rəhbərlik etdiyi vilayətin iqtisadiyyatı və investisiya imkanları barədə təqdimatla çıxış edib, azərbaycanlı iş adamlarını Gilanda reallaşdırılan layihələrdə iştiraka dəvət edib.

Biznes forum Azərbaycan və İran iş adamlarının əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə