Aydın Mirzəzadə: “Əli Abbasovun işdən azad olunacağı gözlənilirdi" AÇIQLAMA
"Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar (RYTN) naziri Əli Abbasovun işdən azad olunması cəmiyyətdə gözlənilirdi. Çünki son dövrlərdə həmin nazirliyin fəaliyyəti ilə bağlı xəbərlər cəmiyyətdə birmənalı qarşılanmırdı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, vaxtaşırı mətbuatda çıxan informasiyalar nazirliyin faktiki olaraq Milli Təhlükəsizlik Nazirliyi (MTN) rəhbərliyinin xüsusi tapşırıqlarını yerinə yetirən bir təşkilata çevrildiyini göstərirdi: "Prezidentə tabe olan dövlət idarəsi faktiki olaraq dövlət başçısına deyil, özü statusda olan başqa bir nazirlik rəhbərinin tapşırıqlarını yerinə yetirməklə məşğul idi. Həmçinin rabitə ilə bağlı son dövrlərdə cəmiyyətdə xeyli narazılıqlar da var idi. İnternet qiymətinin yüksək olması, RYTN-nın adının müəyyən hallarda hallanmasının özü də cəmiyyətdə gedən söhbətlərdə idi. Həmçinin son hadisələr göstərir ki, nazirlik öz öhdəsinə düşən vəzifəni yerinə yetirməkdənsə, cəmiyyətdə dövlət içərisində dövlət yaradan MTN rəhbərliyinin bir filialına çevrilmişdi. Əlbəttə ki, bütün bunlar dövlət başçısının nəzərindən qaça bilməzdi. Onun işdən azad olunması ölkə rəhbəri qarşısında etimadının itirilməsi ilə bağlı idi".
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Əli Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
Xatırladaq ki, Ə.Abbasov 2004-cü ildən nazir vəzifəsində çalışırdı. O, 2004-2014-cü illərdə rabitə və informasiya texnologiyaları naziri olub. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli sərəncamı ilə o, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB