Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan etdikdən sonra 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
İclasda 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd olan Elza Seyidcahanın şikayətinə baxılıb. O, şikayətində bildirib ki, noyabrın 1-də parlament seçkilərində səsvermə günü seçki dairəsinin bəzi məntəqələrində qanun pozuntuları baş verib. E.Seyidcahan həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.
MSK şikayəti baxılması üçün dairə seçki komissiyasına göndərib.
Bununla belə, 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Zaur Hacıyevin şikayətinə baxılıb. MSK üzvü Tofiq Həsənov deyib ki, şikayətdə bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyi yazılsa da, məntəqələr konkret göstərilməyib. Z.Həsənovla telefon əlaqəsi zamanı məlum olub ki, o, MSK-dan, ümumiyyətlə, 107 saylı Qazax seçki dairəsi ilə bağlı araşdırma aparılmasını və seçkinin nəticələrinin ləğv olunmasını istəyib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, şikayət DSK ilə bağlı olduğu üçün MSK məsələyə baxa bilər: "Şikayətdə hansı iddialar varsa, o da araşdırılmalıdır".
MSK şikayətə baxıb və şikayətin əsassız olduğu barədə qərar qəbul edilib.
Müraciətlər haqqında MSK katibi Arifə Muxtarova və komissiya üzvləri Ramiz İbrahimov, Qabil Orucov, Tofiq Həsənov məlumat veriblər.
MSK sədri deyib ki, səsvermədən sonra indiyə qədər MSK-ya 16 şikayət daxil olub.
Sonda cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB