Əli Əhmədov YAP Xəzər rayon təşkilatının gəncləri ilə görüşüb FOTOLAR - VİDEO

“Prezident bütün əməli ilə gənclərin dostu olduğunu, gənclərə arxalandığını göstərir”
Əli Əhmədov YAP Xəzər rayon təşkilatının gəncləri ilə görüşüb FOTOLAR - VİDEO

Azərbaycan Respublikasının baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın Xəzər rayon təşkilatının bir qrup fəal gənci ilə görüş keçirib. SİA-nın məlumatına görə, partiyanın Sədr müavini Əli Əhmədov gənclərlə görüşdə partiyanın nüfuzu, hakim partiyanın ətrafında birləşən gənclər ordusunun qarşısında duran vəzifələrdən danışıb.

YAP İcra katibi görüşdə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının gəncləri ölkənin ictimiai-siyasi həyatında yaxından iştirak edən avanqard qüvvədir: "Sizlər partiya təcrübəsi toplamaqla yanaşı, partiyanın apardığı siyasətə öz töfhənizi verirsiniz. Partiyaya xidmət etmək, Azərbaycana, ölkə Prezidentinə xidmət etməkdir, Azərbaycanın inkişafı yolunda fədəkarlıq göstərməkdir. Siz artıq özünüzü cəmiyyətə təqdim etmisiniz. Sizi fəal, ictimai, siyasi gənclər kimi tanıyırlar. Bunlar da vacib şərtlərdəndir ki, gələcəkdə özünüzün yerinizi müəyyənləşdirəsiniz. Aranızdan kimsə gələcəyin millət vəkili, dövlət və hökumət nümayəndələri ola bilər. Yəni gələcəyin ictimai-siyasi xadimləri bugünkü gənclərdir".

YAP İcra katibi Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan da geniş bəhs edərək, bildirib ki, ölkə başçısı hər zaman gənclərə böyük önəm verir: "Mütəmadi olaraq gənc insanlara rəhbər strukturlarda vəzifələr verilir, təhsil almaları, asudə vaxtlarını səmərəli keçirmələri, onların layiqli vətəndaş kimi yetişməsi üçün dövlət lazım olan bütün imkan və şərait yaradır. Hesab edirəm ki, Prezident bütün əməli ilə gənclərin dostu olduğunu, gənclərə arxalandığını göstərir".

Əli Əhmədov həmçinin gənclərə öz tövsiyələrini də çatdırıb. Bütün seçkilərdə partiya–təşkilat və ideoloji işin aktual məsələlərinə toxunan Ə.Əhmədov seçkilərdə gənclərin daha fəal olmalarının vacibliyini söyləyib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan danışaraq partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun fəaliyyət göstərdiklərini nəzərə çatdırıb.

Gənclər də öz növbəsində onları maraqlandıran sualları baş nazirin müavini, YAP İcra katibi Əli Əhmədova ünvanlayıblar.

Sonda xatirə şəkli çəkdirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə