Şabranlılar seçimlərində yanılmayıblar

54 saylı Siyəzən Seçki Dairəsinin seçiciləri YAP-ın namizədi Tahir Süleymanovu dəstəkləyirlər
Şabranlılar seçimlərində yanılmayıblar

Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar Şabran rayonu Söhbətli kənd sakinləri ilə görüş keçirilib. 100-ə yaxın seçicinin iştirak etdiyi görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov çıxış edərək YAP-ın deputatlığa namizədi Tahir Süleymanovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. O, 1 noyabr parlament seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla həyata keçirildiyini vurğulayaraq seçicilərin Tahir Süleymanovun millət vəkili kimi, son beşillik fəaliyyətindən razı qaldıqlarını, yenidən millət vəkili seçiləcəyi təqdirdə, ona göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu bildirib: "Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə böyük, inamlı qələbə qazanıb. Bu, heç də təsadüfi deyil. Bütün bunlar partiyanın ideya-siyasi xətti, nüfuzu, populyarlığı, siyasi qüvvə kimi xalqın, dövlətin maraqlarını dolğun şəkildə ifadə etməsilə sıx bağlıdır. Partiyamız azad, şəffaf, demokratik rəqabət şəraitində seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanmağa qadir olduğunu dəfələrlə sübut edib." M.Balabəyov seçiciləri fəal olmağa və YAP-ın namizədinə səs verməyə dəvət edib.

Seçicilər qarşısında çıxış edən Tahir Süleymanov regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılması nəticəsində Azərbaycanın hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf etdiyini qeyd edib. Milli Məclis deputatlığına namizəd ölkədə qeyri-neft sektorunun, aqrar sahənin inkişafına böyük diqqət göstərildiyini vurğulayıb. Tahir Süleymanov Milli Məclisin üzvü kimi, ötən beşillik fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərinə təşəkkür edib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib.

Tahir Süleymanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində növbəti dəfə böyük, inamlı qələbə qazanacağına əmindir. Milli Məclis deputatlığına namizəd çıxışı əsnasında, yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın Seçki Platforması barədə seçicilərə dolğun, ətraflı məlumat verib. Deputatlığa namizəd, həmçinin dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq vurğulayıb ki, bizlər də bu sahədə öz köməyimizi əsirgəməməliyik. Tahir Süleymanov kənd gənclərinin asudə vaxtlarının keçirilməsi üçün kiçik stadionun yaradılmasilə bağlı müəyyən olunan sahədə işlərin aparılmasına dəstək olduğunu bildirib və görüşdən sonra sözügedən məsələnin həll edilməsilə bağlı üzərinə düşən köməkliyini edəcəyini bildirib.

Sonda seçicilər və təbliğat qrupunun üzvləri çıxış edərək bildiriblər ki, noyabrın 1-də seçki məntəqələrinə gedərək Tahir Süleyman oğlu Süleymanova səs verməklə, Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa və yüksək rifaha səs vermiş olacaqlar.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə