Ağdaşlı seçicilərin seçimi Yeni Azərbaycan Partiyasının namizədidir

Ağdaşlı seçicilərin seçimi Yeni Azərbaycan Partiyasının namizədidir

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının konfrans zalında YAP tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən irəli sürülmüş Elman Xudam oğlu Nəsirovla növbəti görüş keçirilib.

Görüşü Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri Cavid Osmanov açaraq deputatlığa namizəd Elman Nəsirovun tərcümeyi-halı ilə seçiciləri yaxından tanış edib. Keçirilən bütün seçkilərdə ağdaşlı seçicilərin hər zaman fəallıq nümayiş etdirdiyini vurğulayan Cavid Osmanov bu ənənəyə sadiq qalaraq, bu seçkilərin də respublikamızın hər bir bölgəsində olduğu kimi, Ağdaşda da yüksək səviyyədə keçəcəyinə, Yeni Azərbaycan Partiyasının namizədlərinin böyük səs çoxluğu ilə qalib gələcəklərinə əmin olduğunu bildirib.

Deputatlığa namizəd Elman Nəsirov çıxışında seçkilərə "Yeni hədəflərə doğru!" şüarilə qatılan Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın həyatındakı rolundan bəhs edib, ötən 10 il ərzində respublikada iqtisadi, sosial təminat, təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində qazanılan uğurlardan, həyata keçirilən infrastruktur layihələrdən danışıb. Elman Nəsirov deputat seçiləcəyi təqdirdə, seçicilərinin maraqlarını müdafiə edəcəyini, yadşayış məntəqələrində olan problemlərin yuxarı orqanlar qarşısında məsələlər qaldırmaqla həll olunmasına çalışacağını bildirib.

Çıxış edən yerli təbliğat qrupunun üzvləri, partiya fəalları Azad İsayev, Veyis Şavəddinov, Eşqin İsmayılov və başqaları çıxışlarında ağdaşlıların artıq seçim etdiklərini bildiriblər. Qeyd ediblər ki, bu seçkilərdə də təmsil etdikləri qəsəbə və kəndlərin seçiciləri partiyamızın irəli sürdüyü namizədi dəstəkləyəcək, Elman Xudam oğlu Nəsirova səs verəcəklər.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə