“Uşaq inkişafının qiymətləndirilməsi” kitabının təqdimat mərasimi keçirilib VİDEO

“Uşaq inkişafının qiymətləndirilməsi” kitabının təqdimat mərasimi keçirilib VİDEO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində və Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunmuş "Uşaq inkişafının qiymətləndirilməsi" kitabının təqdimat mərasimi və Dövlət Proqramı çərçivəsində keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin və Qarabağ tədqiqatları üzrə 3-cü "Şuşa qrantı" müsabiqəsinin qalib layihə rəhbərləri ilə ənənəvi görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə kitabın müəllifi Turanə Əliyeva, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkilləri, müsabiqə qalibləri iştirak edib.

Fondun icraçı direktoru tədbiri açıq elan edərək deyib ki, "Uşaq inkişafının qiymətləndirilməsi" məktəbəqədər qiymətləndirmənin tarixi, qiymətləndirmə prosesinə istiqamət verilməsi üçün istifadə olunan ekoloji yanaşma, məktəbəqədər yaşlı uşaqların psixoloji qiymətləndirilməsi zamanı rast gəlinən etik məsələlər, əməl ediləcək proseduralar və qiymətləndirmə zamanı ümumi məsələlər barədə qiymətli mənbədir.

Diqqətə çatdırılıb ki, kitabda həmçinin məktəbəqədər yaşlı uşaqların fiziki, sosial və mənəvi, emosional, həmçinin, nitq inkişafına dair məlumatlar, Kanada, Litva və bir sıra digər ölkələrdə məktəbəqədər yaşlı uşaqların inkişafının qiymətləndirilməsində geniş istifadə olunan Uşaqların Skrininqi üçün Diaqnostik Vəsaitinin (USDV) yaranma tarixi, psixometrik xüsusiyyətləri, USDV-nin Azərbaycana kross-kultural adaptasiya prosesi də təfsilatı ilə təqdim olunur.

E. Babayevin sözlərinə görə, 3-cü "Şuşa qrantı" müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrinə əsasən isə, ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 layihə qalib olub. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi çərçivəsində layihələrdən ikisi Naxçıvanda həyata keçirilir. E. Babayev Azərbaycanın digər regionlarından da gənc alim və mütəxəssislərin növbəti qran müsabiqəsinin qalibi olmasını arzuladıqlarını söyləyib. Fondun icraçı direktoru deyib ki, Azərbaycan regionun siyasi və iqtisadi mərkəzinə çevrilib, qarşıda duran vəzifə Azərbaycanın regionun elmi mərkəzinə çevrilməsinə nail olmaqdır.

Gənclər və idman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri İndira Hacıyeva qeyd edib ki, Elmin İnkişaf Fondunun uğurları Azərbaycanın uğurlarıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Elmin İnkişaf Fondunun uğurlu layihələr həyata keçirdiyini nəzərə çatdırıb.

Kitabın müəllifi Turanə Əliyeva diqqətə çatdırıb ki, Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu sadəcə qrant verən donor təşkilatı kimi deyil, bu iki il layihənin icrasının müddəti ərzində E.Babayev şəxsi məsləhətləri, təcrübəsi ilə böyük dəstək göstərib: "Layihəmiz Azərbaycanda bir sira dövlət proqramlarının hədəfi olan uşaqların qiymətləndirilməsinə yönəlib. Əsas məqsədimiz 0-5 yaşlı uşaqların qiymətləndirilməsinin təkmilləşdirilməsi idi. Müsbət hal ondan ibarətdir ki, biz çalışdıq ki, müxtəlif səviyyələrdə bu problemi ünvanlayan qurumlar iştirak etsinlər".

Tədbir müzakirələr əsasında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə