"Azərbaycanın Avropa Şurası qarşısında, eləcə də Avropanın dünya qarşısında öhdəlikləri var. Bu öhdəliklər isə ikili standartlarla həyata keçirildikdə, artıq qeyri - şəffaf xarakter daşıyır. Qeyri-şəffaflıq isə Avropa dəyərlərinə ziddir". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Nərgiz Xələf Avropa Parlamentinin, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili siyasətinə münasibət bildirərkən deyib.
AGAT sədrinin sözlərinə görə, ötən əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan elə həmin dövrdən böyük inam və ümidlə Avropaya inteqrasiya siyasətini irəli sürdü: "Azərbaycan çox çətin bir sınaq qarşısında idi. Daxildə baş verən məlum vəziyyəti stabilləşdirmək və xarici siyasətdə avrointeqrasiyanı önəmsəmək Azərbaycan xalqı və onun lideri Ümummilli Lider Heydər Əliyevin əsas qayəsi idi. Azərbaycan 2001 ci ildə Avropa Şurasına üzv olarkən Şura və ATƏT qarşısında öhdəliklər götürdü və bu müddət ərzində onun öhdəsindən gəlməyə çalışır. Azərbaycan da öz haqq səsinin duyulmasına çox inanırdı. Bəlkə də elə buna görədir ki, qısa müddət ərzində ölkənin bütün sahələrində bu inteqrasiya gözə çarpmağa başladı. Lakin Avropa hər zaman insan haqlarını, hüquqlarının qorunmasını car çəkən kontinent kimi məhz bizə gəldikdə çox axsadı. Həm də lap çox. İllərdir, biz gənclər, Azərbaycan xalqı bir milyon qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa olunmasını gözlədiyimiz halda, Gürcüstan, Ukrayna kimi misallar inamsızlığımızı daha da gücləndirdi".
N.Xələf bildirib ki, beynəlxalq hüquqa, BMT-nin 4 qətnaməsinə aşkar şəkildə zidd gedən işağalçı Ermənistanın terrorist prezidenti açıq bəyan edir ki, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir: "Haradadır Avropa?! Niyə heç bir reaksiya yoxdur?! İşğal olunmuş zonalarımızla sərhəd ərazidə uşaqların, qadınların snayper gülləsinə tuş gəlməsinə göz yumulmaqdadır. Ermənistana qarşı heç bir reaksiya, qətnamə yoxdur! Niyə?! Bəs haradadır beynəlxalq hüquq?! İki nəfər azərbaycanlının heç bir hüquqa sığmayaraq əsirlikdə saxlamalarına Avropanın yenə də reaksiyasız qalması artıq inamsızlığı daha da gücləndirir. Biz gənclər təşkilatı olaraq hər zaman Avropa institutları ilə sıx işləmişik və bu sualları onlara durmadan ünvanlamışıq. Cavablandırmaların siyasi olmasına anlaşıqlı yanaşmağa çalışmışıq. Ancaq Bakıda keçirilən ilk Avropa Oyunları zamanı baş verənlər artıq sualları daha da gücləndirdi. Sosial şəbəkələrdə aktiv bir gənc kimi söyləyə bilərəm ki, kokret bir qrup insanlar tərəfindən Azərbaycana qarşı təbliğat gözəçarpandır. Twitter sosial şəbəkəsində Bakıda keçirilən ilk Avropa Oyunlarına qarşı ermənilər tərəfindən əks təbliğatı normal qarşılayırdıq. Amma Avropanın bəzi konkret qurumlarında bu tip reaksiya artıq anlaşılmaz oldu".
Qurum rəsmisi əlavə edib ki, ATƏT-in özünə belə artıq biz gənclərin heç bir inamı qalmayıb: "Ona görə necə ki, Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri var, eləcə də Avropanın dünya qarşısında eləcə öhdəlikləri vardır. Bu öhdəliklər isə ikili standartlarla həyata keçirildikdə, artıq qeyri-şəffaf xarakter daşıyır. Qeyri-şəffaflıq isə Avropa dəyərlərinə ziddir. Avropa bu paradokslardan uzaq olmalıdır. Azərbaycanla Avropa arasında qarşılıqlı əməkdaşlıq qaçılmazdır. Avropa dəyərləri adlandırdığımız insan haqları, tolerantlıq, mutikulturalizm, demokratiya və s. əslində elə Azərbaycan xalqının da dəyərləridir. Regionun ən inkişaf etmiş ölkəsi kimi Azərbaycan da bu dəyərlərə sadiqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB