Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndinə müvafiq olaraq, 2015-ci il mayın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında Saziş" təsdiq olunması üçün Milli Məclisə təqdim edilib. SİA-nın məlumatına görə, sazişlər bu gün Milli Məclisin Aqrar Siyasət komitəsinin iclasında müzakirə olunub.
Komitənin sədri Eldar İbrahimov bu barədə çıxış edərək deyib ki, sözügedən təşkilatın ölkəmizdə ofisinin yaradılması Azərbaycan üçün əhəmiyyətlidir: "Bunu Avropa Parlamenti kimi qarayaxma ilə məşğul olan, şər-böhtan yağdıran bir təşkilatla eyni tutmaq olmaz. Belə təşkilatlarla əməkdaşlıq etmək ölkəmizdə kənd təsərrüfatı sahəsinin daha da inkişafına şərait yaradacaq".
İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov da FAO-nun Azərbaycanda ofisinin yaradılmasını mühim addım kimi dəyərləndirib: "FAO-nun dünyada 5 ofisi var. Ölkəmizdə açılacaq ofis 6-cı olacaq. FAO Azərbaycanla əməkdaşlığa önəm verir. Bu təşkilatın ölkəmizdə ofisinin açılması Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün önəmli addımdır.
Nazir müavini qeyd edib ki, sözügedən ofis açılandan sonra 6 nəfərə qədər Azərbaycan gənci bu təşkilatın baş ofisində çalışmaq hüququ əldə edəcək.
Komitə üzvləri də FAO-nun Azərbaycanda ofisinin açılmasını müsbət qiymətləndirib, bunun ölkəmiz üçün əhəmiyyətli olduğunu bildiriblər.
Sazişlər Milli Məclisin növbəti plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB