Azərbaycan-Almaniya münasibətləri tarixi köklərə malikdir

Azərbaycan-Almaniya münasibətləri tarixi köklərə malikdir

Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Manfred Zöllmerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlementdən SİA-ya verilən xəbərə görə, qonağı Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən deputat Rövşən Rzayev diqqətə çatdırıb ki, Azərbaycan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan-Almaniya münasibətləri tarixi köklərə malikdir. Həmin köklərə bağlanaraq daha da irəliyə getmək üçün birlikdə intensiv işləmək lazımdır.

Qanaqlara məlumat verilib ki, Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkəmizin 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub ki, bu da regionun həm iqtisadi, həm də demokratik cəhətdən inkişafına mane olur.

Rövşən Rzayev 2009-cu ildə Bundestaqın bu münaqişə barədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qərarının ölkəmizdə yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.

Səmimi fikirlər üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının deputatı Manfred Zöllmer Azərbaycanla Almaniyanın oxşar cəhətlərinin çox olduğunu və eyni iqtisadi maraqları bölüşdüklərini qeyd edib. Bildirib ki, Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və hər bir münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Qonaq diqqətə çatdırdı ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni əsirgəməyəcək.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri Əhməd Vəliyev, Çingiz Əsədullayev, Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə