Fransa səfiri ADU-da olub

Sentyabrın 11-də Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan Dillər Universitetində (ADU) olub. ADU-dan bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov səfirə universitetdə 22 dilin tədris olunduğunu söyləyib. ADU-da fransız dilini öyrənən tələbələrin olduğunu bildirən rektor onların bu dilə olan marağından söz açıb. O, ADU-nun beynəlxalq əlaqələrindən danışaraq universitetin tələbələrinin Norveçin Oslo Universitetinin yay məktəbində iştirak etdiyini, on nəfər tələbənin isə universitetin maliyyə dəstəyi ilə bir il müddətində Çinin Şenyan Pedaqoji Universitetində artıq təhsil almağa başladığını, altı nəfər amerikalı tələbənin isə ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-nun yay məktəbində iştirak etdiyini bildirib. Rektor universitetdə müxtəlif dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib. Belə mərkəzlərdən biri də Fransa Araşdırmalar Mərkəzinin olduğunu söyləyib. ADU-nun Fransanın bir sıra universitetləri, o cümlədən Strasburq Universiteti ilə əlaqələrindən danışıb. Qeyd olunub ki, ADU-nun əməkdaşları arasında Strasburq Universitetinin məzunları da var.

S. Seyidov Fransa universitetləri ilə ADU arasında olan mədəni əməkdaşlıqdan söz açaraq ADU-nun doqquz nəfər tələbəsinin ötən tədris ilində Paris Sorbon Universitetində "Mədəni mübadilə" adlı festivalda iştirak etdiyini vurğulayıb.

Səfir Paskal Mönye öz ölkəsi ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə