"Bu gün miqrant problemi Avropada təhlükəli problemə çevrilib. Bu, hər şeydən öncə ABŞ-ın Yaxın Şərqi siyasətində yanlış hesablamalar aparmasının göstəricisidir". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.
Politoloq bildirib ki, İraqda, Suriyada, ümumiyyətlə, demək olar ki, bütün Yaxın Şərqdə vəziyyətin yaşam üçün dözülməz həddə çatdırılması gec-tez belə vəziyyətinin yaranmasına gətirib çıxaracaqdı: "Əksər Avropa ölkələri ABŞ siyasətini dəstəkləməklə miqrantlara görə birbaşa məsuliyyət daşıyırlar. ABŞ-ın Yaxın Şərq strategiyasına start verilməzdən əvvəl dünyada və Yaxın Şərqdə vəziyyət kifayət qədər stabil idi və orada yaşayan insanlar Avropaya can atmırdılar. Artıq tək canları qalmış bu insanlar həyatlarını qorumaq üçün Avropaya üz tutmaq məcburiyyətindədir. Hesab edirəm ki, bu Avropaya yaxşı heç nə vəd etmir. Hər şeydən öncə, miqrantların öz vətənlərində vəziyyətin sabitləşməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. Əksər təqdirdə vəziyyətin indikindən qat-qat ağır və idarəolunmaz olacağı qaçılmazdır. Lakin reallıq ondan ibarətdir ki, ABŞ başda olmaqla, Qərb özlərinin hazırkı Yaxın Şərq siyasətlərində israrlıdırlar. Bu gün Avropa miqrant probleminin tam olaraq öhdəsindən gəlmək iqtidarında deyil. Avropaya üz tutan miqrantların əksəriyyətinin yolda həyatlarını itirmələri də ciddi suallar doğurur. Avropa miqrantları qəbul etməkdə maraqlı deyil, atılan bəzi addımlar isə sırf beynəlxalq ictimaiyyətə hesablanmış, görüntü xarakterli addımlardır. Bəzi Avropa liderləri açıq şəkildə miqrantları Avropaya üz tutmamağa çağırır. Beləliklə, miqrantların müəyyən hissəsinin Avropanın müxtəlif ölkələrdə yerləşdirilməsi hələ çıxış yolu deyildir. Yaxın Şərqdə vəziyyətin stabilləşdirilməsi istiqamətində təsirli addımlar atılmayacağı halda miqrant problemi daha da kəskinləşəcək və bütövlükdə beynəlxalq təhlükəsizlik böyük sual altına düşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB