Deputat: "Lavrovun səfəri münaqişənin həllinə təsir edə bilər" Münasibət

Deputat: "Lavrovun səfəri münaqişənin həllinə təsir edə bilər" Münasibət

"Bu səfər Dağlıq Qarabağ probleminin həllinə müəyyən qədər təsir edəcək". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini şərh edərkən deyib.

Aydın Mirzəzadə bildirib ki, Rusiya kimi böyük bir dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri bu ölkənin Azərbaycanla əlaqələrinə xüsusi əhəmiyyət verdiyini vurğulayır: "Bu gün Azərbaycan Rusiya üçün sadəcə qonşu bir dövlət deyil. Azərbaycan regionda lider statusu daşıyan və inkişaf edən bir ölkədir. Azərbaycanın mövqeyi bir çox məsələlərdə Rusiya üçün çox vacibdir.

Rusiya regionun bir çox məsələlərinin həllinə istiqamət verən bir dövlətdir. Həmçinin Dağlıq Qarabağ probleminin həlli Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiyanın mövqeyindən çox asılıdır. Onun Ermənistanla strateji müttəfiqliyi, orada hərbi bazasının olması Dağlıq Qarabağ probleminin həllinə təsir edən faktorlardır".

Lavrovun Prezident İlham Əliyevlə görüşü zaman Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğunu xatırladan millət vəkili hesab edir ki, bu səfər Dağlıq Qarabağ probleminin həllinə müəyyən qədər təsir edəcək: "Azərbaycanın inkişafı barədə Sergey Lavrovun məlumatlandırılması Azərbaycanla bağlı bir çox məsələlərdə Rusiyanın mövqeyinin dəyişməsinə səbəb olur. Bu, tərəflər arasında danışıqların intensivləşdirilməsinə, problemin həllinə, Rusiyanın da maraqlarına ciddi təsir etməsi anlamına gəlir".

Millət vəkili bəzi müxalifət partiyalarının Yeni Azərbaycan Partiyasının seçki siyahısını açıqladıqdan sonra namizdlərini müəyyənləşdirəcəyinə dair səslənən fikirlərə də münasibətini bildirib.

O qeyd edib ki, bugünkü hakimiyyət, Prezident İlham Əliyev iqtidarı öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır: "Cəmiyyətdə sosial problemlərin həlli istiqamətində xeyli işlər görülüb, beynəlxalq aləmdə Azərbaycanın adı ön sıralarda çəkilir. Bu gün vətəndaşlarımız öz hakimiyyətinə inanır, ona güvənir. Bu baxımdan da bütün seçkilərdə olduğu kimi parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının uğur qazanacağı şübhəsizdir. Ona görə də müxalifət partiyalarının bir çoxu YAP-ın namizədlər siyahısını səbirsizliklə gözləyirlər ki, onlara əlverişli olan dairələrdən liderlərinin namizədliklərini versinlər. Bu yolla parlamentə düşə bilmək ehtimalları ilə yaşayırlar.Çünki onların sosial bazaları çox dardır, daxillərində hər hansı birlikdən ümumiyyətlə söhbət gedə bilməz. İqtidara alternativ proqramlar irəli sürə bilməyən partiyalar seçkilərdə manevr etməyə çalışırlar. Hesab edirəm ki, onların taktikaları səmərəsiz taktikadır. Ona görə ki, bütün hallarda seçici öz maraqlarına uyğun hərəkət edəcək".

Aydın Mirzəzadə onu da əlavə edib ki, qarşıdan gələn parlament seçkilərində də YAP əvvəlki qələbələrini təkrar edəcək: "Bundan başqa Ulu Öndər Heydər Əliyev siyasi kursuna loyal yanaşan müttəfiq siyasi partiyaların, dövlətçiliyə, cəmiyyətin inkişafına öz tövfəsini verə biləcək müstəqil namizədlərin qələbə qazanacağına ümüd edirik. Yəni Azərbaycan cəmiyyəti özünün müstəqilliyini, özünün modernləşməsini ilk növbədə onu təmsil edən insanları düzgün seçməklə təsdiq etmək istəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə