İCAPP Qadınlar Qolunun III iclası öz işinə başlayıb YENİLƏNİR

İCAPP Qadınlar Qolunun III iclası öz işinə başlayıb YENİLƏNİR

Bu gün Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun III iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə həyata keçirilən konfransda İCAPP Qadınlar Qolunun həmsədri, Koreya Milli Assambleyasının üzvü, Saenuri Partiyasının parlament fraksiyasının sədr müavini Park İn-suk, Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova, Nepal Ticarət və əmtəə naziri Sunil Bahadur Thapa, Milli Konqres Partiyasının (NCP) qadın məsələləri üzrə katibi, CAPP Baş katibliyinin Komitəsinin üzvü Zeynəb Əhməd Eltayeb İbrahim və Meksika Vətəndaş Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, COPPPAL-ın nümayəndəsi Vania Roksana Avila Qarsia və digər ölkələrin nümayəndələri iştirak edirlər.

İCAPP Qadınlar təşkilatının həmsədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı iclası açıq elan edərək, tədbirin mahiyyəti haqqında geniş məlumat verib. M.İbrahimqızı bildirib ki, bu tədbirin məqsədi geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır.

Qeyd edək ki, iclas Qadınlar arasında yoxsulluğun aradan qaldırılması üzrə I plenar sessiya, Qadınların sağlamlığı və təhsili üzrə II plenar sessiya, Qadınların siyasi iştiraklılığı üzrə III plenar sessiya üzrə işini davam etdirəcək. İclasın sonunda "Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi" qəbul olunacaq.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə