YAP MSQ-nin Zərdab rayon şöbəsində treninq keçirilib

YAP MSQ-nin Zərdab rayon şöbəsində treninq keçirilib

Ümumilikdə 5885 nəfər siyasi həmfikri öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır.

YAP Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsində rayon şöbəsi üzvlərinin və imza toplayacaq partiya fəallarının iştirakı ilə toplantı keçirilib. YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin sədri Pərvin Mahmudova çıxış edərək bildirib ki, öz işini partiyanın Mərkəzi Seçki Qərargahının rayon (şəhər) şöbələrinin fəaliyyət proqramına uyğun quran rayon təşkilatı seçkiyə hazırlıq mərhələsində nəzərdə tutulan tədbirlərin icrasını məsuliyyətlə və yüksək səviyyədə təmin etməkdədir. Belə ki, rayonda böyük nüfuza sahib, seçki prosesində təcrübəsi olan, partiya sıralarında fəallığı ilə seçilən 16 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsi yaradılmış və siyahı xüsusi forma üzrə hazırlanaraq YAP-ın Mərkəzi Seçki Qərargahına göndərilmişdir.

YAP Zərdab rayon təşkilatında şöbənin fəaliyyəti üçün lazimi şərait yaradılmış, bütün texniki avadanlıqla təmin olunmuş otaq ayrılmış, ilkin fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Ayrı-ayrı məntəqələr üzrə YAP fəallarının tərkibi müəyyənləşdirilmiş, onların işi əlaqələndirilmişdir.

92 saylı Zərdab-Ucar seçki dairəsi Dairə Seçki Komissiyasında və dairənin Zərdab rayonunu əhatə edən 42 məntəqə seçki komissiyasında fəaliyyət göstərəcək məşvərətçi səs hüququna malik olan üzvlərin və müşahidəçilərin tərkibi müəyyənləşdirilmiş, onların forma üzrə siyahısı hazırlanmış, müvafiq qaydada sənədləri toplanmışdır.

Rayon üzrə seçicilər arasında nüfuzlu şəxslərdən, ağsaqqallardan, ziyalılardan, din xadimlərindən, fəal gənclərdən və digər şəxslərdən ibarət tərkib hazırlanmışdır. Bütün seçki məntəqələri üzrə seçici siyahıları dəqiqləşdirilmişdir və siyahı üzrə mütəmadi olaraq yenilənmə aparılır.

YAP tərəfindən 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə irəli sürüləcək namizədlərin dəstəklənməsi üçün imzatoplanma kampaniyası zamanı imza toplayacaq 10 nəfər partiya fəalı müəyyən edilmiş və siyahı YAP-ın Mərkəzi Seçki Qərargahına göndərilmişdir.

Toplantı çərçivəsində imza toplayacaq partiya fəallarının treninqi keçirilib. Treninq zamanı fəallara imza vərəqəsinin nümunələri, YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim olunub və Seçki Məcəlləsinin tələblərinə uyğun imzatoplama qaydaları izah edilib. Toplantıda YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin üzvləri Zabit Davudov, Canpolad Vəliyev, Mircalal Mirzəyev və başqaları çıxış edərək bildiriblər ki, zərdablılar hər zaman ümummilli liderimiz Heydər

Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləmiş və onun siyasi kursuna sadiqlik nümayiş etdirmiş, bunu indiyədək keçirilən siyasi kampaniyalarda əməli şəkildə sübuta yetirmişlər.

Bildirilib ki, zərdablılar bu dəfə də ənənəyə sadiq qalacaqlar. Parlament seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün səfərbər olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə