"Leyla Yunusun hüquq müdafiəçisi olması sual altındadır" AÇIQLAMA - SƏS TV

"Leyla Yunusun hüquq müdafiəçisi olması sual altındadır" AÇIQLAMA - SƏS TV

"Leyla Yunusun hüquq müdafiəçisi olmasının özü böyük bir sual altındadır. Azərbaycan vətəndaşları onun insan hüquqları sahəsində müəyyən bir iş gördüyünün şahidi olmayıblar. Xaricdən alınan böyük məbləğdə qrantların Azərbaycandakı ən böyük istifadəçisi Leyla Yunus olub. Ermənistan xüsusi xidmət orqanlarının maraqlarını ölkəmizdə ən çox müdafiə edən Leyla Yunus olub. 90-cı illərin əvvəllərində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olarkən hərbi təyinatlı bir çox məlumatların Ermənistan tərəfinə ötürülməsində onun çox böyük rolu olub". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, hüquq müdafiəçisi insanların hüquqlarını müdafiə etməlidir: "Leyla Yunus bu vaxta qədər bir milyondan artıq qaçqınımızın hüquqlarını müdafiə edib? O indiyə qədər cəmiyyət üçün vacib olan hansı bir məsələni hansısa bir qurumun qarşısında qaldırıb? Onun fəaliyyəti bəzi xarici dairələrin Azərbaycandakı maraqlarını qorumaqdan ibarətdir. Rəhbərlik etdiyi təşkilatın qeydiyyatdan keçməsi üçün dəfələrlə müraciət etsələr də, bundan imtina olunub. Çünki şəffaf fəaliyyəti yoxdur. O xaricdən əldə etdiyi pullardan vergi verməkdən də həmişə imtina edib".

Millət vəkili Almaniya hökumətinin Ombudsmanı Kristofer Ştrasserin Azərbaycan haqqında söylədiyi fikirlərə də münasibət bildirib: "Ştrasserin Leyla Yunusu müdafiə etməsi başa düşülən deyil. Sabah Ermənistanın təhlükəsizlik orqanları Leyla Yunusu müdafiə etsələr təəccüblənməyin. Almaniyanın burada müəyyən iqtisadi maraqları olub, bu maraqlar təmin olunmadığına görə ölkəmizə qarşı qərəzli çıxış edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə