Tahir Kərimli: “Seçki taktikamızda bir sıra yeniliklər var" AÇIQLAMA

Tahir Kərimli: “Seçki taktikamızda bir sıra yeniliklər var" AÇIQLAMA
"Seçkilərə hazırlıq prosesinə hələ başlamamışıq. Bunun üçün partiyamızın Baş Məclisi yığışmalı və bu barədə qərar verməlidir". Bu sözləri SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Partiya sədri bildirib ki, seçkilərlə bağlı öz aramızda mütəmadi olaraq müzakirələr aparırıq: "Biz müxalifət partiyası olsaq da dövlətçilik ənənələrinə sadiqliyimizlə radikallardan fərqlənirik. Və aşkar şəkildə bildiririk ki, Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etmək fikrindəyik. Düşünürəm ki, bu əməkdaşlığımız seçkilərdə namizədlərin dəstəklənməsində böyük rol oynayacaq. Əks halda müvəffəqiyyət qazanmağın mümkün olduğuna inanmırıq".

T.Kərimli seçkilərdə çıxış edəcək namizədlərin sayının hələ ki, müəyyən olmadığını deyib: "2005-ci ildəki seçkilərdə partiyamız 46 namizədlə iştirak etmişdi. Sonrakı seçkilərdə daha az namizədlə çıxış etdik. Yenə də həmin variantlar üstündə işləyirik. Blok şəklində olmasa da əməkdaşlıq şəklində istəyirik ki, müəyyən uğurlar qazanaq. Bu dəfəki seçkilərdə daha az namizədlə iştirak edəcəyik. Daha optimal seçimlər edəcəyik ki, namizədlərimizin seçilmə şansları çox olsun. Ona görə də namizədləri hələ müəyyənləşdirməmişik. Yəqin ki, bu ayın axırı üçün hər şey məlum olacaq".

Partiyanın seçki taktikasından danışan T.Kərimli digər iqtidar yönlü partiyalarla əməkdaşlığın vacibliyini vurğulayıb: "Seçki taktikamızda partiyalar arasında müəyyən əməkdaşlıq formaları qurmaq da var. İqtidaryönlü partiya kimi biz digər iqtidaryönlü partiyalarla bir-birimizə mane olmamaq üçün əlaqələr qurmağa çalışırıq. Əgər bir-birimizə kömək etsək, seçkilərdə də şansımız daha çox olar".

Bütün xəbərlər Facebook səhifəmizdə