Elşən Musayev: “Prezident təzyiq göstərməsə, onlar ayılmırlar” AÇIQLAMA

Elşən Musayev: “Prezident təzyiq göstərməsə, onlar ayılmırlar” AÇIQLAMA

"Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbləri çoxdur. Təbii ki, bu səbəblər müxtəlif istiqamətlərə gedib çıxır". Bunu SİA-ya politoloq Elşən Musayev deyib.

Politoloqun sözlərinə görə, Qərblə Rusiyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı illər boyu sərgilədiyi bir məqam var: "Rusiya tərəfi iddia edir ki, nə olursa-olsun, əsas odur ki, münaqişə zonası yerində qalsın. Hətta bu, dondurulmuş olsa belə. Beləcə, bu problem həll olunmasın. Qərb dairələri isə deyir ki, münaqişə kimin xeyrinə həll olunursa-olsun, bunun fərqi yoxdur. Amma yetər ki, həll olunsun. Burada daha bir başqa məqam Qərbin və Rusiyanın ortaya çıxardığı mənasız bir qurumdur. Bu isə ATƏT-in Minsk qrupudur. İllərdir ki, Minsk qrupu qrant alan bəzi təşkilatlar kimi öz fəaliyyətini davam etdirir".

E.Musayev əlavə edib ki, dövlət başçısı onlara təzyiq göstərməsə, öz iradlarını bildirməsə və cənab Prezidentin birbaşa tapşırığı ilə Azərbaycanın müdafiə naziri qorxunc bəyanatlar verməsə, onlar sanki ayılmırlar: "Bunlar elə bilirlər ki, Dağlıq Qarabağ ömürlük ermənilərdə qalmalıdır. Əslində isə belə deyil. Heç bir dövlət, beynəlxalq qurum Dağlıq Qarabağın azad olunmasında maraqlı olmayacaq. Çünki onlar üçün ancaq strateji, enerji, geosiyasi maraqlar var. Onlar əksinə maraqlıdırlar ki, dünyada inkişaf etmiş və etməkdə olan istənilən dövlətin problemi olsun. Məsələn, türkün kürd, gürcünün Osetiya, Azərbaycanın isə Dağlıq Qarabağ problemi kimi".

Bütün xəbərlər Facebook səhifəmizdə