I Avropa Oyunları partiya sədrlərinin gözü ilə… SORĞU

I Avropa Oyunları partiya sədrlərinin gözü ilə… SORĞU

"Bakı 2015" birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışlar uğurla davam edir. Böyükdən kiçiyə, kimliyindən asılı olmayaraq, hər kəs bu anı qürur və intizarla gözləyirdi. İlk dəfə ölkəmizdə keçirilən Avropa Oyunları istər yerli, istərsə də xarici vətəndaşların diqqətindədir. Oyunlar ölkə iqtisadiyyatı, turizmi baxımından xeyli uğur vəd etdiyi qədər, idmana olan marağı da artıracaq.

Bəs Azərbaycanda fəaliyyət göstərən partiya funksionerləri oyunlar barədə nə düşünür? SİA bununla əlaqədar sorğu keçirib.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa: "Azərbaycan artıq idman sahəsində böyük bir uğurunu ortaya qoyub. Təbii ki, bu uğurumuz siyasətdə də istifadə oluna bilər. Ölkəmizin hər cür tədbirə ev sahibliyi etməsi güclü dövlət olmasını isbatlayacaq bir hadisədir. Əsas olan budur. Əgər biz bundan doğru istifadə edə bilsək, Azərbaycan gələcəkdə daha faydalı nəticələr əldə edə bilər. Azərbaycan standartları bundan sonra həmişə beynəlxalq tədbirlərdə qeyd olunacaq. Oyunların gözdən salınmasına hesablanmış "qara-piar" kampaniyasına gəlincə deyərdim ki, bunlar hər dəfə olur. Sadəcə olaraq biz öz yolumuza baxmalı və sağlam tədbirimizi keçirməliyik. Sübut etməliyik ki, bunların hər biri əsassız iddialardır. I Avropa Oyunlarının yüksək səviyyədə təşkili artıq bunu sübut edir".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli: "İlk Avropa Oyunları Azərbaycan mədəniyyətinin, potensialının dünyaya təqdim olunması istiqamətində çox ciddi bir addım hesab olunur. Qısa bir zaman ərzində ölkəmiz I Avropa Oyunlarına hazırlıq prosesini keçdi və bu müddət ərzində lazım olan bütün infrastruktur layihələrini gerçəkləşdirdi, möhtəşəm bir açılış mərasimi ortaya qoydu, eyni zamanda ayrı-ayrı turnirlərin təşkili istiqamətində ciddi adımlar atdı. Hətta bunu Azərbaycanı sevməyənlər də etiraf etmək məcburiyyətində qalıblar. Düşünürəm ki, bu, ölkəmiz üçün böyük uğurdur. Açılış mərasimi bütün dünyada yayımlandı. Azərbaycan idmançıları da bu oyunlarda olduqca yüksək səviyyədə iştirak ediblər. Beləcə, onlar ölkəmizin idman şöhrətini artırırlar. Bütün bu əldə olunan uğurlar son nəticədə Azərbaycanın nüfuzunun yüksəlməsinə xidmət edir".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: "İlk Avropa Oyunlarının açılış mərasimi gözlədiyimdən yüksək səviyyədə baş tutdu. Demək olar ki, burada idmandan çox Azərbaycanın mədəniyyəti, tarixi dünyaya təqdim olundu. Həm də bu xalqın nümayəndəsi olduğuma görə fəxr etdim. Çünki orada çox ciddi şəkildə Azərbaycan mədəniyyəti, xüsusən də, miniatürlər həddindən artıq gözəl nümayiş etdirildi. Açılış mərasimini yüksək səviyyədə qiymətləndirirəm. Mən düşünürdüm ki, açılışda bütün olimpiadalarda olduğu kimi, ancaq idmanın mahiyyətini nümayiş etdirəcəklər, amma burada daha çox Azərbaycan mədəniyyəti, tarixi, təbiəti çox yüksək səviyyədə təbliğ olundu".

Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov: "Bakı 2015" birinci Avropa Oyunları göstərəcək ki, biz Avropanın tərkib hissəsiyik. Bununla belə, Oyunlar göstərəcək ki, Azərbaycan ən iri miqyaslı tədbirlərə ev sahibliyi etmək üçün istənilən infrastruktura malikdir. Beləcə, ölkəmizin dünya sivilzasiyasına töhfələr vermək imkanı var və veririk də! Bundan sonra keçirilən bütün Avropa Oyunlarında Azərbaycan artıq öz standartını qoyub".

Qeyd edək ki, "Bakı 2015" ilk Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də baş tutub. Oyunlar iyunun 28-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə