Komitədə nümayəndə heyəti ilə görüş keçirilib

Komitədə nümayəndə heyəti ilə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və bir sıra dövlət qurumlarının nümayəndələri da iştirak ediblər.

Əvvəlcə Komitə sədrinin müavini Fuad Hüseynov Azərbaycanın bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünlərin indiyədək üzləşdikləri çətinliklər və onların bu günkü real durumu ilə bağlı qonaqlara ətraflı məlumat vermiş və təəssüflə qeyd etmişdir ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin nəticəsidir ki, münaqişə hələ də öz həllini tapmayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə F.Hüseynov qonaqlara münaqişənin tarixi kökləri və yaranma səbəbləri, rus hərbi birləşmələrinin köməyi və iştirakı ilə Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması, bir milyondan çox vətəndaşımızın bu işğal nəticəsində qaçqın və məcburi köçkünə çevrilməsi, ermənilər tərəfindən misli görünməmiş Xocalı faciəsinin, çoxsaylı terror aktlarının törədilməsi və sair bu kimi məsələlərlə bağlı hərtərəfli məlumat verib.

O, nümayəndə heyətini həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemləri, onların bu günkü vəziyyəti, Azərbaycanın gündən-günə artan iqtisadi imkanlarının bu soydaşlarımızın sosial-məişət və mənzil problemlərinin həllinə yönəldilməsi sahəsində yürüdülən dövlət siyasəti, bunun nəticəsində onlar üçün yaradılan hərtərəfli şərait və digər bu kimi məsələlər barədə də ətraflı məlumatlandırmışdır.

Sonra görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyətini maraqlandıran suallara ətraflı cavab vermişlər.

Qəbul üçün minnətdarlıqlarını bildirən Komissiya üzvləri onları maraqlandıran suallara ətraflı cavab aldığına görə minnətdarlığını bildirərək bütün bunların onun üçün mühüm önəm daşıdığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə