"Ali Baş Komandan zəfər məşəlini Qarabağda da alovlandıracaq" AÇIQLAMA

"Yeni Azərbaycan Partiyasının gəncləri alov estafetində də ön sıralardadırlar"
"Ali Baş Komandan zəfər məşəlini Qarabağda da alovlandıracaq" AÇIQLAMA

"9 gün sonra yenidən dünyanın diqqət mərkəzinə çevriləcək Azərbaycanda bayram əhval-ruhiyyəsi davam edir. Tarixdə ilk dəfə baş tutacaq Avropa Oyunları bir Azərbaycan gənci kimi məni də qürurlandırır. Fəxarət hissi ilə deyə bilərəm ki, bütün Avropanın təmsil olunduğu beynəlxalq idman yarışına məhz gənc müstəqil Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə verilən qiymətin, göstərilən böyük etimadın əyani sübutudur. Eyni zamanda, bu, Azərbaycana qarşı daim ikili standartlar ilə yanaşan, ölkəmizi gözdən salmağa çalışan antiazərbaycançı şəbəkəyə ağır bir zərbədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin şura üzvü Amil Cavadov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarına uğurla start verib: "Aprelin 26-da "Atəşgah" məbədindən alovlanan məşəl Azərbaycanın hər bir guşəsini gəzib-dolaşır. Məşəlin gəzdiyi şəhər və rayonlarda böyük qələbəlik var. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar. Hər bir rayonda məşəl böyük coşqu ilə qarşılanır. Bu günlərdə Yeni Azərbaycan Partiyasının üzvləri, o cümlədən partiyanın sıralarında birləşən gənclər ümumxalq bayramına çevrilən məşəlin səyahəti tədbirlərində yaxından iştirak edirlər. İstər təşkilatçılıq, istərsə də məşəlin daşınmasında, o cümlədən alov mərasimlərində gənclərimiz olduqca mütəşəkkillik göstərir, ölkəmizin adı ilə bağlı olan və tarixdə ilk dəfə keçirilən bu möhtəşəm idman tədbirinə özlərinin layiqli töhfələrini verirlər.

Bu günlərdə Azərbaycanı qarış-qarış gəzən məşəl həm də regionlarımızın, şəhər və rayonlarımızın son illər keçdiyi dinamik inkişaf və quruculuq yolunu, insanların artan sosial rifahını tərənnüm edir. Məşəl estafetini izləyən hər kəs, o cümlədən beynəlxalq ictimaiyyət respublikamızın sosial-iqtisadi yüksəlişinə, insanların çöhrəsindəki sevincə şahidlik edir. Bütün dünya Azərbaycanın rayonlarının, o cümlədən vaxtilə döyüş əməliyyatları getmiş cəbhə rayonlarının abadlığını, gözəlliyini, insanların nikbinliyini, sabaha dərin inamını görür. Lakin bu, bizim daşıyacağımız son məşəl deyil. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsi olaraq biz tezliklə zəfər məşəlini əzəli torpaqlarımız olan doğma Qarabağda, Şuşada, Xankəndidə də alovlandıracağıq. Azərbaycanın yüksəlişi, artan beynəlxalq nüfuzu, qüdrətli və modern orduya sahib olması bizi sürətlə həmin günə yaxınlaşdırır".

A.Cavadov deyib ki, I Avropa Oyunlarının keçirildiyi məkan kimi Azərbaycan təsadüfən seçilməyib: "Öncə onu qeyd edim ki, belə yarışları keçirmək üçün təkcə bir ölkənin idman infrastrukturlarının yüksək səviyyədə olması əsas deyil. Beynəlxalq yarışların keçirildiyi məkanlar seçilərkən həm də həmin ölkədəki ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf, təcrübə və nəqliyyat infrastrukturunun vəziyyəti nəzərdən keçirilir. Azərbaycanda isə bu söylənən amillərin hər biri ən yüksək formada təmin edilib. Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasəti ilə yanaşı, idmana göstərdiyi qayğı Olimpiya ailəsinin də diqqətindən yayınmır. Ona görə də dünyanın əsas idman qurumları bu fikirdədirlər ki, Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirə biləcək bir dövlətdir. Ölkəmizdə istənilən forum, konfrans, yarışın keçirilməsi üçün hər cür infrastruktur mövcuddur. Eyni zamanda, Azərbaycan öz qonaqpərvərliyi, tolerantlığı ilə dünya dövlətləri sırasında öncül yerləri tutur. Bu gün mədəniyyətlərarası dialoqun beşiyinə çevrilən Azərbaycan tolerantlığa nümunə ölkədir. Əhalisinin 95 faizini müsəlmanlar təşkil etdiyi ölkə dini dözümlülüyü və müxtəlif millətlərin sülh və rahat yaşamasını təmin edib.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttinə fəaliyyəti ilə daim sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyevin son 11 ildə həyata keçirdiyi siyasi strategiyanın prioritetindən biri də milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, insanların seçki hüququnun, dini etiqad azadlığının təmin olunması, ölkəmizdə fəaliyyət göstərən dini qurumların nümayəndələri üçün bərabərhüquqlu şəraitin yaradılması və multikulturalizmin inkişafıdır. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerantlıq və dostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub. Təsadüfi deyil ki, bu gün Azərbaycan həm də multikulturalizmin əsas məkanlarından biri kimi tanınır. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə çevrilib".

O, əlavə edib ki, Avropa Olimpiya Komitəsi də inkişaf edən idman infrastrukturu ilə yanaşı, Azərbaycanın sahib olduğu bütün bu dəyərləri nəzərə alaraq I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul edib: "Bu, Azərbaycan dövlətinin və xalqının böyük qələbəsidir. Əlbəttə ki, hər kəs Azərbaycanın bu yarışı da çox yüksək səviyyədə keçirəcəyinə əmindir. Çünki ölkəmizdə indiyədək keçirilən Avropa və dünya çempionatları və ya digər beynəlxalq toplantılar bizim üçün gözəl təcrübə formalaşdırıb. Avropa Oyunları Azərbaycana müxtəlif sahələr üzrə dividendlər gətirəcək. Bu möhtəşəm tədbir turizm potensialının, iqtisadi-biznes münasibətlərinin inkişafı ilə yanaşı, təhsil sahəsinə də təsirsiz ötüşməyəcək. Azərbaycana gələcək turistlər arasında elə insanlar olacaq ki, ölkəmizdəki inkişafı, tolerantlığı, əmin-amanlığı gördükdə övladlarının gələcəkdə sakit bir ölkədə təhsil alması üçün məhz bizim universitetlər arasında seçim edəcəklər. Bu isə ölkəmizə elmi axını bir az da artıracaq. Avropa Oyunlarından iki il sonra 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan milli olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin mayında - Ramazan ayından əvvəl təşkil olunacaq. Azərbaycan yeganə ölkə olacaq ki, burada həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Bəli, tam əminliklə söyləyə bilərik ki, bütün əldə olunan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz əməyinin və müdrik siyasətinin nəticəsidir. Daim dövlət başçısının yanında olan Azərbaycan gəncliyi isə bu siyasəti dəstəkləyir və hər zaman üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün bütün potensialını ortaya qoyur. İnanıram ki, Avropa Oyunlarında həm Azərbaycan gəncliyi, həm də idmançılarımız üzərlərinə düşən vəzifəni layiqincə doğruldacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə