Bəhruz Quliyev: “Prezident hər bir vətəndaşının və jurnalistinin yanındadır” AÇIQLAMA
"Bu il Azərbaycan mətbuatı özünün 140 yaşını qeyd etsə də, mətbuatın inkişaf dövrü 1993-cü ildən başlayıb. Yəni müstəqil mətbuat müstəqil Azərbaycanda formalaşmağa başlayıb. Təbii ki, bunun da bünövrəsində birbaşa olaraq dövlət qayğısı dayanır". Bunu SİA-ya SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama münasibət bildirərkən deyib.
SƏS Media Qrupun rəhbərinin sözlərinə görə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən ilk dəfə olaraq Vətəndaş cəmiyyətinin formalaşması prosesi başladı: "Vətəndaş cəmiyyətini formalaşdıran institutlardan biri də mətbuatdır. Heç təsadüfi deyil ki, Ulu Öndər həmin dövrdən başlayaraq mətbuatın inkişafı ilə bağlı yeni konsepsiyaların hazırlanması və həyata keçirilməsi üçün zəmin hazırladı. 1998-ci ildə mətbuatın üzərində hələ SSRİ dövründən qalmış senzuranın ləğvi və mətbuatın inkişafı istiqamətində hüquqi bazanın formalaşması imkan verdi ki, mətbuat azad şəkildə inkişaf etsin. Son dövrlərdə Prezident İlham Əliyevin atdığı addımlar göstərir ki, mətbuata doğma münasibət artıq ənənə halını alıb. Bunun sayəsində də bu gün milli mətbuatımız özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Ölkə başçısı tərəfindən Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam isə onu göstərdi ki, dövlət milli mətbuatın, söz azadlığının, fikir plüralizminin inkişafında maraqlıdır. Sərəncamda konkret olaraq göstərilir ki, mətbuatın 140 illik yubileyi ilə bağlı tədbirlər Respublika ərazisində geniş şəkildə keçirilməsi təmin olunsun. Eyni zamanda sərəncamda jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur. Sərəncamda olan hər iki bənd onu göstərir ki, dövlət milli mətbuatın inkişafını, o cümlədən Respublika, dünya əhəmiyyətində tədbirlərin keçirilməsini təmin etməyi özünə borc bilir. Bildiyiniz kimi, sərəncamda jurnalistlərin mükafatlandırılması da yer alıb. Bu isə onu göstərir ki, qiymətləndirilməyə layiq olan jurnalistlər qiymətləndiriləcək. Bütün bunlar bir daha sübut edir ki, dövlət hər bir vətəndaşının yanında olduğu kimi, eyni zamanda jurnalistin də yanındadır".
B.Quliyev əlavə edib ki, jurnalistika çox ağır peşədir: "Bu peşədə çalışanlar çox cəsarətli insanlardır. Ümummilli Lider Heydər Əliyev dəfələrlə etdiyi çıxışlarında qeyd edirdi ki, jurnalistika ağır və məsuliyyətli bir peşədir. Məhz bu baxımdan hesab edirəm ki, sərəncamın özündə jurnalistlərin mükafatlandırılması məsələsi onu göstərir ki, jurnalistin fəaliyyətinə dövlət tərəfindən qiymət verilir. Jurnalistin sosial problemlərinin həlli yolunda atılan addımlar göstərir ki, dövlət hər bir vətəndaşının və jurnalistinin yanındadır. Bildiyiniz kimi jurnalistika sahəsində çalışan insanlar öz əməkhaqları ilə heç vaxt mənzillə təmin oluna bilməzdilər. Amma 2013-cü ildə Azərbaycan milli mətbuatının 138-ci ildönümü münasibətilə cənab Prezidentin jurnalistlərə təqdim etdiyi mənzillər onu göstərdi ki, dövlət jurnalistlərin sosial problemlərinin həlli istiqamətində mərhələli addımlar atır. Budəfəki sərəncam isə onu əsaslandırır ki, jurnalistlər həvəslənsinlər, işləsinlər və öz xalqlarının, dövlətlərinin inkişafı istiqamətində öz öhdələrinə düşən işi dərk edərək xalqının, dövlətinin yanında olsunlar. Bu sərəncam hər bir jurnalist üçün bir sevinc payıdır. Eləcə də bu sərəncam yeni nəsil jurnalistləri üçün stimuldur. Hesab edirəm ki, gənc jurnalistlər də bundan bəhrələnəcəklər. Bu gün mətbuatın tutduğu mövqe və demokratik inkişaf yolunda atdığı addımlar cəmiyyətin ümumi inkişafına xidmət edir. Xüsusilə əgər vətəndaş cəmiyyəti qurulmuş bir dövlətdən danışırıqsa, hesab edirəm ki, vətəndaş cəmiyyəti institutu kimi mətbuatın inkişafı cəmiyyətin də inkişafına xidmət edən amildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB