YAP Gənclər Birliyi və "İki sahil"" qəzetinin birgə təşkilatçılığı ilə bu mövzuda keçirilən layihə çərçivəsində toplantıda Oyunların Azərbaycanın idman həyatında, ümumilikdə beynəlxalq nüfuzunda hansı izləri qoyacağına bir daha nəzər salındı
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində YAP Gənclər Birliyinin və "İki sahil" qəzetinin birgə təşkilatçılığı ilə "İlk Avropa Oyunlarına sən də qoşul!" layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Gənclər Birliyinin İlk Avropa Oyunları ilə əlaqədar həyata keçirdiyi layihələrdən geniş bəhs edib.
Bildirib ki, bugünkü tədbir də həmin layihələrin tərkib hissələrindəndir: "Azərbaycanın uğurları fonunda Avropa Oyunlarına gənclərin gözü ilə baxış ölkəmizin gələcəyinə baxışdır. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan gəncliyi müstəqillik yolumuzun hansı çətinliklərdən keçdiyi barədə dolğun məlumatlara malik olmalı, tariximizi dərindən öyrənməli, davamlı inkişafa dəstək olmalıdır. Bu gün Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında yeni-yeni imkanlar açmaqla, gənclərimizin daha səylə çalışmalarına stimul verir".
S.Orucov Avropa Oyunlarına hazırlıq işləri zamanı gənclərimizin fəallığına söykənərək, bu fikri inamla ifadə edib ki, dünyanın diqqətini ölkəmizə yönəldən bu mühüm idman bayramının keçirildiyi günlərdə gənclərimiz Azərbaycan reallıqlarının təbliğatçısı kimi daha fəal olacaq, bir daha həqiqətlərimizi beynəlxalq aləmə təqdim edəcəklər.
Seymur Orucov çıxışında dövlətimizin başçısı cənab İlham Əliyevin bu günlərdə "The Business Year" jurnalına müsahibəsində böyük inam və qətiyyətlə səsləndirdiyi bu fikirləri bir daha xatırladıb: "Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Eyni zamanda, biz bunu Azərbaycana beynəlxalq miqyasda göstərilən marağın təzahürü kimi dəyərləndiririk. Son 10 ildə Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm uğurlar, beynəlxalq arenada yürüdülmüş müstəqil, fəal siyasət ölkəmizin nüfuzunu daha da yüksəltmişdir. Həmçinin həyata keçirilmiş nəhəng quruculuq və abadlıq işləri nəticəsində Bakı dünyanın ən gözəl, ən müasir şəhərlərindən birinə çevrilmişdir. Ümid edirəm ki, Bakı qonaqlar və idmançılar üçün gözəl məkan olacaqdır".
Bildirilib ki, ölkəmizdə gənclərin fiziki hazırlığına xüsusi diqqətlə yanaşıldığını atdığı biri-birindən uğurlu addımları ilə təsdiqləyən Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında bu sahəyə diqqətin prioritet kimi aktuallığını qoruması bəhrəsini verməkdədir: "Dəfələrlə mötəbər, beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edən Azərbaycan bu gün növbəti birincilik təşəbbüsünün müəllifi kimi diqqət mərkəzindədir. "Azərbaycan dünyada və Avropada idman dövləti kimi tanınır" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim artıq bu sahədə gözəl təcrübəmiz vardır. İlk Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlir: "Artıq hər gün, hər həftə ənənəyə çevrilən beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycan üçün böyük uğurdur. "Bakı-2015" Birinci Avropa Oyunları dünya idman tarixində möhtəşəm səhifə olacaq. Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək qüdrətində olduğunu uğurlarının fonunda dünyaya nümayiş etdirir. Bu gün ilk Avropa Oyunlarına hazırlıqlar, eyni zamanda, 2016-cı ildə Dünya Şahmat Olimpiadasına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək dörd ölkədən biri olan Azərbaycanın nüfuzunun artmasına böyük stimuldur. Dövlətimizin başçısı İlham Əliyev bildirir: "Bu Oyunların keçirilməsi, eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki ancaq güclü dövlətlər belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir". Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Bakı-2015"in dünyanın bir çox ölkələrində keçirilən təqdimat mərasimlərində də bu fikir xüsusi qeyd edilmişdir ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək. Qələbələrin təməli "Bakı- 2015" yarışlarında qoyulacaq".
Vüqar Rəhimzadə çıxışında bir daha bu reallığı diqqətə çatdırıb ki, Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir: "İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ulu öndər Heydər Əliyevin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur. İdmançılarımızın qələbəsi zamanı müstəqil Azərbaycanın himni səslənir, bayrağımız yüksəklərə qaldırılır və dünyanın müxtəlif ölkələrində tanınırıq. Bütün fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən möhtərəm Prezidentimiz İlham Əliyevin idman sahəsinə diqqəti də atdığı biri-birindən əhəmiyyətli addımlardan daha aydın görünür".
V.Rəhimzadə qeyd edib ki, ilk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb: "Bu mühüm tədbir ölkəmizdə idmanın inkişafına bir baxış olmaqla yanaşı, Azərbaycan beynəlxalq nüfuzunun təqdimatı kimi də dəyərləndirilir. Bu, eyni zamanda dünya birliyində Azərbaycanın iqtisadi gücünün, siyasi nüfuzunun çox böyük göstəricisidir. Azərbaycana olan inamın təsdiqidir. Azərbaycanın bütün sahələrdə uğurunun nümunəsidir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulunda təbii ki, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, müasir idman infrastrukturuna malik olması, ən əsası sürətli, dinamik inkişafı mühüm rol oynamışdır. Müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan keçirdiyi biri-birindən əhəmiyyətli tədbirlərlə özünün Qərblə Şərqin arasındakı körpü rolunu daha da möhkəmləndirir, xalqlar, dövlətlər arasında əməkdaşlıq, həmrəylik əlaqələrinə öz töhfəsini verir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, ilk Avropa Oyunları dostluq, əməkdaşlıq, həmrəylik bayramı olacaq".
Bu fikir də xüsusi qeyd edilib ki, hər bir tədbir əhatə etdiyi istiqamətlə yanaşı, onun keçirilən ölkəyə nə verəcəyi baxımından da geniş şərh olunur: "Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq, eyni zamanda, ölkəmizə iqtisadi dividentlər gətirəcək. Təkcə bir rəqəmi qeyd etmək kifayətdir ki, bu mühüm tədbirin ölkəmiz üçün əhəmiyyəti aydın görünsün. 50-ə yaxın ölkədən 6 min idmançının qatılacağı ilk Avropa Oyunları Azərbaycan həqiqətlərinin əsl təbliği olacaq".
V.Rəhimzadə ilk Avropa Oyunlarında gənclərin fəallığının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayaraq, YAP gənclərinin bu istiqamətdə səylərini təqdir edib. Bildirib ki, gənclərimiz, eyni zamanda, partiyanın hər bir üzvü belə bir partiyanın sıralarında olmaqdan qürur duymalıdır. Partiya gənclərimizə öz potensial imkanlarını ortaya qoymaq üçün hər cür şərait yaradır.
Vüqar Rəhimzadə gənclərə göstərilən bu diqqət və qayğıya, yaradılan şəraitə görə, ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə, YAP-ın İcra katibliyinə təşəkkürünü bildirib.
Çıxışda bu fikir də xüsusi qeyd edilib ki, birgə səylər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmaq üçün əsasdır: "Bu gün sıralarında 650 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası daim monolit siyasi qüvvə kimi nüfuz qazanıb, bir məqsəd, amal uğrunda çalışır. Azərbaycanı daha da güclü dövlətə çevirmək, insanların daha yüksək rifahını təmin etmək partiyanın siyasətində əsas yer tutur. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyən Yeni Azərbaycan Partiyası ölkəmizin uğurlarının bələdçisidir".
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi İdarə Heyətinin üzvü, YAP Qaradağ rayon Gənclər Birliyinin sədri Ramiz Yusubov çıxış edərək ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili məqsədilə rayonda həyata keçirilən tədbirlərdə təşkilatın gənc üzvlərinin xüsusi fəallıq nümayiş etdirdiklərini qeyd edib. Bildirib ki, gənclərimiz onlara yaradılan şəraitdən səmərəli istifadə edərək, Azərbaycan reallıqlarının təbliğinə öz töhfələrini verməlidirlər.
YAP Gənclər Birliyinin ofisinin əməkdaşı Ümid Abuzərli qeyd edib ki, hər bir ölkə vətəndaşı kimi, gənclərimiz də Azərbaycanın uğurlu inkişafının bələdçiləridir. Vətəndaşlıq təəssübkeşliyindən çıxış edərək, Azərbaycanın uğurlarının təbliğində fəal iştirak etməliyik.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə bildirib ki, bu gün hər kəs belə bir dövlətin vətəndaşı olmağı ilə qürur duymalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.
"İki sahil" qəzetinin əməkdaşı Ceyhun Piriyev ilk Avropa Oyunlarının ölkəmizə qazandıracağı uğurlardan söz açıb. Bildirib ki, dünyanın diqqətini bir daha özünə yönəldən Azərbaycanın tarixində yeni bir səhifə açılacaq. Bu Oyunlar bir daha Azərbaycan kimi müstəqil, güclü dövlətin nəyə qadir olduğunu dünyaya nümayiş etdirəcək.
YAP Gənclər Birliyi ofisinin fəalı Gülnar Quliyeva dövlətin gənclər siyasətinin uğurlarından danışaraq, bu inamı ifadə edib ki, gənclərimiz onlara yaradılan şəraitdən maksimum istifadə edərək, Oyunların yüksək səviyyədə keçirilməsinə, Azərbaycan reallıqlarının təbliğinə öz töhfəsini verəcəklər.
YAP Gənclər Birliyi ofisinin əməkdaşı Fərid Nəsibov Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyini qeyd edib. Bildirib ki, bu inkişaf, tərəqqi hər bir sahədə biri-birindən əhəmiyyətli tədbirlərin keçirilməsinə stimul verir. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi ilə bir daha qazandığı bu imici daha da möhkəmləndirəcək.
YAP Gənclər Birliyinin üzvləri Elnarə Əliyeva, Xuraman Vəkilova, Nigar Qasımova, Arzu Xəlilova, Həbibə Abbasova, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin üzvləri Aysel Ağayeva və Elnurə Cəfərzadə ilk Avropa Oyunlarının birlik, həmrəylik bayramı kimi tarixə qızıl hərflərlə yazılacağını bildiriblər. Qeyd olunub ki, gənclərimiz bu birliyə öz töhfələrini vermək üçün səylərini daha da artırmalıdırlar.
Sonda YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gənclərə uğurlar diləyib, bu kimi layihələrin gənclərin bir araya gəlməsində, fikir mübadiləsi aparmalarında, gələcəyə baxışlarında əhəmiyyətli rol oynadığını, YAP Gənclər Birliyinin bu istiqamətdə tədbirlərinin davamlı olmasından məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb. Bir daha qeyd olunub ki, ilk Avropa Oyunları Azərbaycanın gücünün, qüdrətinin, imkanlarının təqdimatı olacaq, dövlətimizin başçısı İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi "Bakı-2015" idman tarixində yeni maraqlı səhifə açacaq" fikirləri reallığa çevriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB