Müşfiq Ələsgərli: “Nils Muiznieks Azərbaycana qarşı həmişə qərəzli olub"

Müşfiq Ələsgərli: “Nils Muiznieks Azərbaycana qarşı həmişə qərəzli olub"

"Riqada Şərq Tərəfdaşlığı ölkələrinin I Media Konfransının əsas mövzusu KİV-in Şərq Tərəfdaşlığı regionundakı rolu idi. Ancaq, açılış mərasimindəki çıxışında Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks yeri gəldi-gəlmədi Azərbaycan haqqında mənfi faktlar səsləndirməyə başladı". Bunu SİA-ya adı çəkilən konfransda iştirak edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

M.Ələsgərli vurğulayıb ki, N.Muiznieksin açdığı mövzu heç sessiyanın mövzusuna aid olmayıb: "Onun çıxışından da hiss olunurdu ki, o, vəziyyətdən istifadə edərək Azərbaycan haqqında fikirlərini çatdırmaq istəyir. Amma, Nils Muiznieksinin Azərbaycan haqqında fikirləri ilk dəfə deyil. O, fəaliyyəti dövründə Azərbaycanla bağlı həmişə qeyri-obyektiv fikirlər dilə gətirib".

"Nils Muiznieks deyir ki, Azərbaycandakı bütün dostları həbs olunub. Amma, mən bildirdim ki, onun dostları Azərbaycan haqqında qeyri-obyektiv danışan bir iki şəxsdir. Ona dedim ki, siz Avropa Şurasının insan haqları komissarısınız və fərdlərlə dostluq etməməlisiniz. Siz ümumi şəkildə bir ölkədə insan haqlarının durumu, vətəndaş cəmiyyətinin vəziyyəti ilə maraqlanmalısınız. Azərbaycana gəlişinizdə bütün vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərini dinləməlisiniz. Bu yolla obyektiv rəyə gələ bilərsiniz. Amma, siz Azərbaycan bir-iki nəfər qeyri-legitim şəxslərlə görüşürsünüz. Bunun nəticəsində fikir ifadə edirsiniz", – deyə M.Ələsgərli qeyd edib.

M. Ələsgərli əlavə edib ki, Nils Muiznieksin Azərbaycanla bağlı bu dəfəki çıxışı təsadüfi deyil: "Nils Muiznieks həmişə Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutub. Amma, indiki durumdan xüsusi yararlanmağa çalışır. Çünki, I Avropa Oyunları ərəfəsində Azərbaycan hamının diqqət mərkəzindədir. Ona görə Nils Muiznieks və anti-Azərbaycan qüvvələr belə qərəzli və qısqanc mövqeyi ilə çıxış edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə