Baş direktor: "Mətanətin səviyyəsi məsələyə düzgün qiymət verməyə imkan vermədi" SORĞU

Baş direktor: "Mətanətin səviyyəsi məsələyə düzgün qiymət verməyə imkan vermədi" SORĞU

ATV telekanalında yayımlanan "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva Bakıdakı yanğın haqqında "danışaraq" insanları əsəbləşdirib. Aparıcının yanğın haqqındakı çıxışı, hətta sosial şəbəkələrdə də müzakirəyə çevrilib: "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi". SİA bu şəxsin və digər bu kimi şou proqram aparıcılarının sərgilədiyi hərəkətlə bağlı deputat, mətbuat nümayəndələri, televiziya rəhbərləri arasında sorğu keçirib, onların fikilərini öyrənməyə çalışıb.

"Türkel" televiziyasının (TTV) baş direktoru Nadir Şəfiyev: "Ümumiyyətlə heç bir aparıcının xalqın nümayəndələrinin hissiyatı ilə oynamağa haqqı yoxdur. Düşünürəm ki, bəlkə də Mətanət heç kimin hissləri ilə oynamaq istəməyib. Sadəcə olaraq bu insanın səviyyəsi ona imkan verməyib ki, o buna düzgün qiymət versin. Mən bunu belə başa düşürəm. Şəxsən mən efirdə ani olaraq qərar qəbul edə bilməyən insanı şou aparıcısı kimi efirə buraxmaram. Tok-şouda insan ani olaraq özü qərar qəbul etməlidir. Çünki bu canlı efirdir və burada söhbəti rəhbərlik həll etmir. Söhbəti həmin aparıcının öz səviyyəsi həll edir. Aparıcı hərtərəfli inkişaf etmiş bir insan olmalıdır ki, lazım gələndə istənilən an öz mövqeyini ortaya qoya bilsin. Təbii ki, bu mövqedə xalqın düşüncəsini əks etdirməlidir".

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu: "Son günlər Azərbaycan xalqı üçün çox üzücü hadisə baş verdi. Mən millətimizə, xalqımıza Binəqədi rayonunda baş vermiş məlum hadisə ilə bağlı başsağlığı verirəm. Təbii ki, bu hadisə ehtiyatsızlıq üzündən meydana gəlmişdi. Bu cür məsələlərə, mövzulara toxunarkən çox həssas yanaşılmalıdır. Onsuzda ağrı-acı çəkən, yaşayan insanların bir qədər də o mövzulara toxunarkən inctiməyin heç bir yeri yoxdur. Xüsusilə də efirlərimizdə, sosial şəbəkələrdə hesab edirəm ki, bu məsələlərə ehtiyatla yanaşmalıyıq. Çox təəssüf ki, bəzən efirlərdə şou proqramlarda insanlar efiri özünün tribunası kimi hesab edirlər. Onlar fərqinə varmırlar ki, söylədikləri hər bir söz tamaşaçıların hissiyatına toxuna bilər. Bəzən görürsən ki, efirdə çox sərbəst şəkildə çıxışlar olur. Düşünürəm ki, bu cür məsələlərlə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ), televiziyaların rəhbərliyi bu kimi aparıcılarla bağlı öz qəti qərarlarını verməlidir. Ümumilikdə məsələlərə çox incə yanaşmaq lazımdır".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Reytinq toplamaq xəstəliyi Azərbaycan televiziyalarının ən böyük bəlasına, fəlakətinə çevrilib. Təəssüflər olsun ki, televiziyalarımda yüksək intellekti, mədəniyyəti olmayan gurultulu sözlərlə, pafosla, ritorika ilə tamaşaçısını efirə cəlb etməyə çalışan insanların çoxluğu var. Problemlər özünü bir çox müstəqil kanallarda daha çox büruzə verir. Bəzən elə biabırçı səhnələrin şahidi oluruq ki, hətta aparıcı Mətanətin söylədikləri onun yanında görünməz olur. Telekanalda ad günü, toy və s. sərgilənir. Digər kanalda aparıcılar aqressiv şəkildə insanlara kin püskürürlər. Mən adları sadalamaq istəməzdim. Çünki adları çəkən kimi anında telekanallardakı aparıcılar sanki o kanallar dədələrinin evidir kimi onları tənqid edən insanların üzərinə hücum çəkməyə başlayırlar. Yəni telekanallar aparıcıların az qala özəl mülkiyyətinə çevrilib. Təbii ki, burada rəhbərliyin də günahı var. Ümumiyyətlə bu insanları efirə yaxın buraxmaq lazım deyil. Bu şəxslərin elementar etik davranış qaydalarından xəbəri yoxdur. Çox böyük problemdir. Məncə, bunun haqqında kifayət qədər ciddi şəkildə düşünmək lazımdır".

Milli Məclisin deputatı Zahid Oruc: "Azərbaycanda efir məkanının fors-major situasiyaya və ya qeyri-təbii hadisəyə çevik uyğunlaşma bacarığı və milli proqram siyasəti olmalıdır. Onlar auditoriyalarının birinci növbədə Azərbaycan xalqı olduğunu unutmalı deyillər.Vətəndaşın əhvalına, daxili emosiyalarına, aparıcı ictimai fikrə istinad etməyən hər hansı kanal avtomatik özünə qarşı müxtəlif mənfi münasibət yaradır. Televiziyalar siyasi quruluş formasından asılı olmayaraq, hər zaman millət qurucusu rolunda çıxış edir. Onlar hər kəsin evinə daxil olur, ailələr üçün tərəf müqabilinı, həmsöhbətə çevrilir və insanlar həmin sehrli ekranın cazibə dünyasına daxil olmağa, necə deyərlər, efir vasitəsilə idarə olunmağa meyillidilər. Buna görə sözün qüdrətindən faydalanmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev ən ağır dönəmlərdə tək dinc və təhükəsizlik dövründə deyil, həm də ağır anlarda, təhlükəli proseslər baş verəndə də bütün o dərdləri, ağrını üzərinə götürən və bununla bərabər millətin gələcəyə doğru aparmaq qüdrətini ortalığa qoyur. Əgər belədisə hər kəs o cümlədən media məkanı da bu prinsipi rəhbər tutaraq hərəkət etməlidir. Vətəndaş düşüncələrindən, halından, onun ümumi ruhundan irəli gələn yaşantıları mümkün qədər tanımaqla bərabər tv-lərimizin xüsusi konsepsiyaları və komandası olmalıdır ki, onlar cəmiyyət üçün peşəkar həkim, müdrik müəllim, güclü sərkərdə və sadiq dost ola bilsinlər. Ona görə də mən Azərbaycan televiziyalarından milli həyatımıza, maraqlara bağlı daha ciddi dəyişikliklər gözləyirəm. Hesab edirəm ki, bu, insanlardan, cəmiyyətdən gələn tələbdir. Onlar öz istədikləri kimi ola bilməzlər".

Bütün xəbərlər Facebook səhifəmizdə