"Müsavat rəhbərliyi ölüləri də partiyadan qovur" İDDİA

Ellada Məmmədli: “Nə qədər Hacılı qardaşları Musavatda var, yalan ayaq tutub yeriyəcək”
"Müsavat rəhbərliyi ölüləri də partiyadan qovur" İDDİA

"Müsavat rəhbərliyinin mənə qarşı yönləndirdiyi bütün iddialar əsassızdır, Nemət Kərimlinin yazısı isə sifarişlidir". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Qadınlar Birliyinin sabiq sədri, ötən gün təşkilat sıralarından uzaqlaşdırılan Ellada Məmmədli sözügedən məsələyə münasibətini bildirərkən deyib.

Ellada Məmmədli bildirib ki, təkcə, "facebook" səhifəsində onun Qadınlar Birliyindəki fəaliyyəti kifayət qədər əks olunub. Bu baxımdan, ona qarşı edilən hücumlar daha öncə partiyadan çıxarılan insanlara qarşı baş vermiş diktaturanın, avtoritar idarəçiliyinin davamıdır: "Bir çoxları isə yeni rəhbərliyin avtoritar idarəçiliyinə, ləyaqətliləri partiyadan uzaqlaşdırdığına, daxildə demokratiyanı boğduğuna, partiyanı uçuruma sürüklədiyinə etiraz edərək istefa verdilər".

Sabiq müsavatçı eyni zamanda daha bir maraqlı məqama toxunaraq, Müsavat rəhbərliyinə xitabən deyib: "İstefa verənlərin 9 nəfər olduğunu, onlardan birinin ölü , 8 nəfərin diri olduğunu qeyd edənlər, barı ölənin kim olduğunu, yəni adını açıqlasınlar. Çünki dedikləriniz yalandır və isbatı da yoxdur. Nə qədər Hacılı qardaşları Musavatda var, yalan ayaq tutub yeriyəcəkdir".

Qeyd edək ki, son günlər Müsavat Partiyasından istefaya göndərilənlərin sayı artmaqda davam edir və yaxın günlərdə digər etirazçıların da təşkilat sıralarından qovulacaqları istisna olunmur. İstefa verənlər bu kimi qərarlarda başqan Arif Hacılıya eks-başqan İsa Qəmbər tərəfindən təlimatlar verildiyini də inkar etmirlər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə