Mixail Qorbaçov: “Bu qərarı verməklə səhv etmişdik” ETİRAF

Mixail Qorbaçov: “Bu qərarı verməklə səhv etmişdik” ETİRAF

"30 il öncə SSRİ-də aparılan antialkoqol kampaniyasının keçirilməsi doğru qərar deyildi. Kampaniyanın bu qədər kəskin şəkildə aparılmasına ehtiyac yox idi". SİA xəbər verir ki, SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov sözügedən fikirlərini "Komsomolskaya pravda" qəzetinə verdiyi müsahibəsində səsləndirib. Qorbaçov deyib ki, həmin səhvin nəticəsində çoxsaylı dükanlar bağlandı, ölkədə nəhəng növbələr yarandı. O cümlədən, qanunsuz "samoqon" (ev üsulu ilə hazırlanmış araq-red.) istehsalı vüsət aldı. Nəticədə dükanlardan qənd və şəkər tozu da yox olmağa başladı. "Belə kəskin kampaniya aparılması yerinə lazım idi ki, xalq arasında antialkoqol maarifləndirilməsi keçirilsin.

Eks-prezident antialkoqol kampaniyasının icra olunmasına qədər SSRİ Mərkəzi Komitəsində 6 il müzakirə edildiyini də bildirib: "Kampaniya SSRİ-də alkoqol içkilərindən asılılıq dərəcəsini aşağı salmalıydı. Təsəvvürünüzə gətirin, ölkənin böyük əksəriyyəti sərxoş idi. Hələ Brejnevin vaxtında insanlar ona kədərli məktublar yazırdılar ki, ətraf sərxoşluq əlamətləri ilə doludur. Uşaqlar sərxoş valideyinlərinin, sərxoş valideyinlər də uşaqlarının harada olduqlarından bixəbər idilər. Boşanmalar isə rekord həddə çatmışdı".

Buna rəğmən, Qorbaçov onu da deyib ki, antialkoqol kampaniyasının aparılması müsbət nəticələr də verdi: "Ölkədə uşaq ölümlərinin sayı azaldı. Kampaniya dövrü keçən illərdən fərli olaraq, ölüm halları 1,6 milyon nəfər azaldı. İstehsalatda və yollarda baş verən qəzalar kəskin sürətdə aşağı düşdü.

Qorbaçov antialkoqol kampaniyasının nəyə görə saxlanılmasını da izah edib. Onun sözlərinə görə, SSRİ-nin büdcəsində azalmalar baş qaldırmaqla yanaşı, xalq kütləsinin də etirazları başlamışdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə