Akif Nağı: “Bu, beynəlxalq təşkilatlara ittihamdır”

Akif Nağı: “Bu, beynəlxalq təşkilatlara ittihamdır”

"Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, bu günə qədər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı digər ölkələrdə də buna bənzər münaqişələr yaranmazdı. Hesab edirəm ki, ölkə başçısının bu məntiqli, əsaslandırılmış mövqeyi həqiqətdir". Bu sözləri SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

A. Nağı qeyd edib ki, Azərbaycan hakimiyyəti bununla bağlı beynəlxalq təşkilatların qarşısında müxtəlif arqumentlər qoyur ki, Dağlıq Qarabağ münaqişəsinə ciddi şəkildə yanaşsınlar: "Həqiqətən də dünya ədalətli mövqedən çıxış etsəydi, dünyada münaqişə ocaqları yaranmazdı. Yəni, Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, ən azından Abxaziya, Cənubi Osetiya, Dnestryanı, və Ukraynadakı proseslər baş verməzdi. Bu münaqişələrin qarşısı alınmır, çünki münaqişələrin ədalətli həllinə çalışılmır".

"Rusiyanın bu münaqişələrdə oynadığı rolun qarşısı alınmadığına görə, şirnikləşərək digər bölgələrdə bu cür münaqişələr törədir. Eyni zamanda nə qədər Dağlıq Qarabağ məsələsi həll olunmur, belə münaqişələrin törədilməsinə "münbit" zəmin yaranır. Azərbaycan Prezidentinin qoyduğu mövqe çox düzgündür. Hətta bu, beynəlxalq təşkilatlara ittihamdır. Çünki, beynəlxalq aləmin Dağlıq Qarabağla bağlı ədalətsiz mövqeyi digər münaqişələrin də meydana gəlməsinə səbəb olub".

Bütün xəbərlər Facebook səhifəmizdə