Bu gün Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu öz işinə başladı. SİA-nın xəbərinə görə, Forumun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.
Tədbirdə həmçinin 2 ölkənin hazırki prezidenti, 4 ölkənin Baş nazir və xarici işlər naziri, 41 ölkənin sabiq prezidenti olmaqla ümumilikdə 72 ölkənin rəsmiləri iştirak edir.
Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliev, Makedoniya prezidenti Georgi İvanov, Maltanın Baş naziri Josef Muskat çıxış edəcək.
Forumda bir çox ölkələrdən olan təbrik məktubları səsləndiriləcək.
"Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə edəcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.
Forum iki gün davam edəcək.
Qeyd edək ki, Foruma hazırlıq məqsədilə 2014-cü ilin aprelin ayından etibarən Albaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Macarıstan, Yaponiya, Belçika, ABŞ, Andorra və digər ölkələrdə bir sıra yüksək səviyyəli görüşlər, toplantı və konfranslar keçirilib. Bu sırada Andorrada "Avropada etimadın bərpa olunması" mövzusunda təşkil edilmiş beynəlxalq konfrans xüsusi əhəmiyyət daşıyır. Həmin görüşdə regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə xüsusi diqqət ayrılmışdı. Bundan başqa, Foruma hazırlıq çərçivəsində Madrid Klubuna üzv olan keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və dövlət xadimlərinin Azərbaycan Respublikasına səfərləri təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB