Mübariz Əhmədoğlu: “Olland Azərbaycandan gələn pulu itirmək istəmir”
"Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri nəzakət xarakteri daşıyırdı". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Ermənistanda olan F. Olland başa düşür ki, Azərbaycanla iqtisadi əlaqələr Fransa üçün çox böyük əhəmiyyətə malikdir: "Ermənistan və Fransa arasındakı mal dövriyyəsinin həcmi 200 milyon dollara çatmır. Azərbaycanla Fransa arasında mal dövriyyəsi isə 2 milyard dollar hüdudlarındadır. Bu gün Azərbaycan və Fransa arasındakı iqtisadi əlaqələr, hərbi texniki əməkdaşlıq artan xətlə inkişaf edir. Eyni zamanda humanitar əlaqələrdə yüksək səviyyədədir. Fransada Azərbaycanla əlaqəli bir sıra mədəni tədbirlər keçirilir. Azərbaycanda fransız dili inkişaf edir. Ölkədə fransız məktəbi vardı, indi universiteti açılır".
"Ona görə F. Olland bunları itirmək istəmir. O, başa düşür ki, Azərbaycan Türkiyənin təcrübəsindən istifadə edə bilər. Vaxtilə Türkiyə Fransada qondarma "erməni soyqırımı"nın kriminallaşması ilə bağlı qanun qəbul ediləndə bu ölkə ilə bütün iqtisadi əlaqələri kəsdi. İndi Fransa ehtiyat edir ki, Azərbaycan da Fransa ilə iqtisadi əlaqələri azalda bilər. F. Olland Azərbaycandan gələn pulu itirmək istəmir. Ona görə Ermənistandan birbaşa Azərbaycana gəldi və nəzakətini göstərdi. Yəni, Azərbaycanla əlaqələr Fransa üçün Ermənistanla əlaqələrdən geri qalmır. Yəni, F. Olland Azərbaycana səfəri ilə bu mesajı vermək istəyirdi" – M. Əhmədoğlu əlavə edib.
Mərkəz direktorunun sözlərinə görə, Fransa prezidentinin Azərbaycana səfəri hazırkı ərəfədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir dəyişiklik yaratsın: "Amma, mümkündür ki, yaxın zamanlarda Fransa tərəfi Dağlıq Qarabağ məsələsində ya yeni təkliflə çıxış edəcək, ya da prezidentlərin görüşü təklifini irəli sürsün".
Politoloq qeyd edib ki, bütün parametrlər üzrə F. Ollandın bu səfərini müsbət qiymətləndirir: "Fransa prezidentinin Ermənistandan Azərbaycana gəlməməsi üçün ermənilər çox çalışdılar. Amma, F. Olland israrla Azərbaycana gəldi. Hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi müzakirələr olmasa F. Ollandın bu səfərini, jestini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, indiki dövrdə ermənilərə qarşı çox vacib mesajdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB